BAYRAQDAR MEDİA – Son günlər Türkiyə mediasında və ictimai-siyasi dairələrində Azərbaycan əleyhinə birmənalı olmayan fikirlər və yazılar yayılır. Bu tendensiya son aylarda bir neçə dəfə fasilələrlə təkrarlansa da, indiki qədər intensiv və təhlükəli olmayıb. Qardaş ölkədən gələn bu cür neqativ iddialar, təbii ki, Azərbaycanda da cavabsız buraxılmır. Nəticədə, iki qardaş, strateji müttəfiq ölkənin münasibətləri risk altına düşür. Baş verən hadisələrlə bağlı Türkiyənin hərbi yönümlü qeyri-hökumət təşkilatları birgə bəyanat imzalayıblar.
Bu barədə BAYRAQDAR MEDİA-ya politoloq, Azərbaycanın Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri Emin Həsənli məlumat verib. O, bildirib ki, bu bəyanat, türkiyəli həmkarları və dostları ilə baş verən hadisələrin birgə müzakirəsindən sonra ortaya çıxıb.
Bəyanatda bildirilir:
“Türkiyə və Azərbaycan Respublikaları siyasi, hərbi və iqtisadi əlaqələri bu gün sürətlə inkişaf edən iki qardaş ölkədir. Onların “Bir Millət, İki Dövlət” adlandırılmasının səbəbi çox güclü tarixi və mədəni əlaqələridir.
Türkiyə-Azərbaycan münasibətləri təkcə coğrafi yaxınlığı və dil oxşarlıqları ilə deyil, həm də tarixi əlaqələri, ortaq əcdad və mədəniyyəti, hər iki xalqın əsrlər boyu bir-birinə yaxın olması, qarşılıqlı dostluq və qardaşlığı möhkəmləndirməsi ilə güclənir.
Azərbaycan Respublikası 1999-cu ildə baş verən Mərmərə zəlzələsi və 2023-cü ilin fevral ayında Kahramanmaraşda baş verən və bir çox əyalətimizə təsir edən zəlzələ zamanı həm hökuməti, həm də bütün vətəndaş cəmiyyəti və xalqı vasitəsilə Türkiyəyə maddi və mənəvi humanitar yardım göstərən bir ölkə olmuşdur.
Türkiyə Respublikası 9 noyabr 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur.
Mühüm regional və qlobal güc olan Türkiyə və Azərbaycan ortaq maraqlarına və strateji əməkdaşlığına uyğun olaraq yeni imkanlar yaratmağa davam edirlər. Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri iki ölkə arasında ani siyasi dəyişikliklərlə məhdudlaşmayacaq dərin bir bağın olduğunu göstərir.
Son günlərdə Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlığı müxtəlif platformalarda hədəfə alan cəhdlər və bu kontekstdə yaradılan manipulyasiya kampaniyaları müəyyən dairələrin əsl məqsədini ortaya qoyur. “Bir Millət, İki Dövlət” deyimi ilə ifadə olunan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bu cür cəhdlərdən sarsılmayacaq qədər dərin köklərə malikdir. Qardaşlığımıza kölgə salmağa çalışan bu düşüncə tərzinə qarşı ayıq-sayıq olmalı və regional birliyimizi hədəf alan bu cür süni gündəmlərə aludə olmamalıyıq. Otuz ilə yaxın Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərinin azadlığı uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizi rəhmət və hörmətlə yad edir, sağ qalan qazilərimizə uzun və sağlam ömürlər arzulayırıq. Bu məqsəd üçün əməyi keçən və tər tökən hər kəsə minnətdarlığımızı bildiririk. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”
Bəyanatı Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri və Şəhid Ailələri Birliyi, Türkiyə Ehtiyatda olan Çavuşlar Birliyi imzalayıblar.










İlk şərhi yaza bilərsiniz