“Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib
BAYRAQDAR MEDİA – Azərbaycanın Almaniyadakı Səfirliyinin, Azərbaycan Dillər Universitetinin (ADU) və Drezden Milli Kitabxanasının (SLUB) birgə təşkilatçılığı, eləcə də Səfirliyin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə oktyabrın 2-də Drezdendə “Kitabi-Dədə Qorqud” türk xalqlarının mədəni irsi və dünya eposları kontekstində” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Bu barədə səfirlikdən məlumat verilib.
Drezden Milli Kitabxanasında keçirilən tədbirdə Azərbaycan, Almaniya, Türkiyə və İtaliyadan olan tanınmış alimlər, tədqiqatçılar, mədəniyyətşünaslar, habelə diaspor nümayəndələri iştirak ediblər.
Simpoziumu giriş sözü ilə açan Drezden Milli Kitabxanasının (SLUB) baş direktoru xanım Katrin Ştump Drezdendə bu dastana həsr olunmuş beynəlxalq simpoziumun keçirilməsindən məmnunluğunu ifadə edib. O, orijinal əlyazmanın Basatın Təpəgözü məğlub etdiyi boyun açılış səhifəsi ilə vitrində nümayiş olunduğunu diqqətə çatdırıb. K.Ştump uzun illərdən sonra əlyazmanın yüksək keyfiyyətli surətinin – faksimile nəşrinin hazırlandığını bildirib. O, simpoziumun eposun tarixi, filoloji və mədəniyyətşünaslıq aspektlərindən araşdırılmasının davamı kimi elmin ən yeni nəticələrinə işıq tutduğunu vurğulayaraq, bu unikal irsin araşdırılmasında Azərbaycan səfirliyi və Azərbaycan Dillər Universiteti ilə sıx və səmərəli tərəfdaşlığı yüksək qiymətləndirib.
Saksoniya əyalətinin Elm, Mədəniyyət və Turizm üzrə Dövlət Nazirliyinin nümayəndəsi xanım Martsena Şöne Drezden nüsxəsinin rəqəmsallaşdırılmasının qədim biliklərin gələcək nəsillərə çatdırılması baxımından nümunəvi addım olduğunu bildirib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında mədəni irsin təkcə keçmişi yaşatmadığını, bu gün də xalqlar arasında möhkəm körpülər saldığını bildirib. Diplomat Drezden Milli Kitabxanasında İki dünya müharibəsindən və tarixin təlatümlərindən keçərək əsrlər ərzində qorunan bu unikal əlyazmanın günümüzə zərər görmədən gəlib çatmasını heyrətamiz hadisə adlandırıb və kitabxananın kollektivinə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, bu mənəvi xəzinənin Drezdendə yüksək diqqətlə qorunub saxlanılması Azərbaycan-Almaniya münasibətlərinə xüsusi mədəni dəyər qazandırır. N.Ağayev vurğulayıb ki, bu əlyazma sərhədləri aşaraq müxtəlif ölkələrin alimlərini bir məkana toplamaqla mədəniyyət və elm vasitəsilə beynəlxalq anlaşma və birlik ruhunu daha da dərinləşdirir.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxışında alman şərqşünaslığının Şərq mədəniyyətinə humanist münasibətini xüsusi qeyd edərək, bu ensiklopedik abidənin Drezdendə böyük diqqət və mərhəmətlə mühafizə edilməsini yüksək dəyərləndirib. Eposun alman dilində ilk nəşrinin 200 illik yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət səviyyəsində qeyd olunduğunu vurğulayan akademik bildirib ki, bu Azərbaycanın mədəni irsin qorunmasına və beynəlxalq elmi tədqiqatlara verdiyi ali qiymətin təzahürüdür. Dastanın ruhunun və qədim əqidənin onun qələmə alındığı dövrdən xeyli əvvələ dayandığını vurğulayan Kamal Abdulla Drezden nüsxəsinin faksimile nəşrinin təqdimatını mühüm elmi hadisə adlandırıb.
Sonra “Kitabi-Dədə Qorqud” dastanının faksimile nəşrinin təqdimatı olub. Dastanın faksimile nəşrinin yüksək keyfiyyətdə çap olunmasının Dədə Qorqud irsinin araşdırılmasına yeni imkan qazandıracağı qeyd olunub.
Açılış çıxışlarından sonra simpozium işini panel sessiyalarla davam etdirib.
Qeyd edək ki, Drezden Milli Kitabxanasının Xüsusi Kolleksiyalar və Nadir Əlyazmalar Fondunda saxlanılan “Kitabi-Dədə Qorqud” nüsxəsi dastanın dünyada məlum olan yeganə tam, 12 boyluq əlyazmasıdır. XVI əsrə aid edilən bu unikal nüsxənin Drezdenə nə vaxt və hansı yolla gətirildiyi dəqiq məlum deyil. Əlyazmanın XVIII əsrin ortalarında artıq Drezden Kral Kitabxanasının fondunda olduğu və həmin dövrdən kitabxana kataloqlarında qeydə alındığı məlumdur. “Kitabi-Dədə Qorqud”un elm aləminə tanıdılmasında alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin xüsusi rolu olmuşdur. O, 1814-cü ildə Drezdendə saxlanılan əlyazmanı tədqiq etmək məqsədilə Berlinə gətizdirmiş, onun surətini çıxarmış, 1815-ci ildə isə dastanın “Basatın Təpəgözü öldürdüyü boy”unu alman dilinə tərcüməsi ilə birlikdə nəşr etdirərək əsəri Avropa elmi ictimaiyyətinə tanıtmışdır.






İlk şərhi yaza bilərsiniz