BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş biblioqrafik göstərici nəşr olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “vəsaitə Prezidentin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı daxil edilib. Biblioqrafik göstəricidə şairin həyatı, yaradıcılığı və ictimai fəaliyyətinin əsas tarixləri, əsərlərindən nümunələr, görkəmli şəxsiyyətlərin X.Şirvani haqqında fikirləri, əsərlərinin əlyazma nüsxələri və çap nəşrləri, dövri mətbuatda, dərslik və məcmuələrdə dərc olunmuş əsərləri, eləcə də həyat və yaradıcılığına həsr edilmiş elmi-tədqiqat işləri və dissertasiyalar sistemli şəkildə öz əksini tapıb”.
Daha sonra xəbərdə, “kitabda vəsaitin elmi məsləhətçisi, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Əfzələddin Xaqani” və filologiya üzrə fəlsəfə doktoru, Dos. Elnarə Zeynalovanın “Xaqani Şirvani yaradıcılığının əsas xüsusiyyətləri” adlı məqalələri də yer alıb. Vəsaitin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçiləri isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova və Hökümə Ələkbərovadır” deyə bildirilir.
“Elm” nəşriyyatında çap olunan biblioqrafik göstərici filologiya sahəsində çalışan alim və mütəxəssislər, doktorantlar, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitabxana” bölməsində tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz