Press "Enter" to skip to content

Kolumbiya Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Bayraqdar.info – Azərbaycan Respublikasının iqamətgahı Meksikanın Mexiko şəhərində olmaqla Kolumbiya Respublikasındakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti İvan Dukeyə təqdim edib.

Bu barədə bayraqdar.info-ya ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq Prezident İvan Dukeyə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.

Öz tərəfindən təşəkkür edən Kolumbiya prezidenti onun da salamlarını və ən xoş arzularını Prezident İ.Əliyevə çatdırmağı xahiş edib.

M.Talıbov Azərbaycan rəhbərliyi tərəfindən qarşısında qoyulan başlıca vəzifənin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirib. O, Azərbaycanla Kolumbiya arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu bildirib. Həmçinin, hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra bu münasibətlərin daha da möhkəmləndiyi qeyd edilib.

Səfir Azərbaycanla Kolumbiya arasında istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq mövcud olduğunu deyib. M.Talıbov ölkəmizin Kolumbiya ilə iqtisadi-ticari, mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində də əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Kolumbiya Prezidenti İvan Duke M.Talıbovu Azərbaycanın Kolumbiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib. Kolumbiya Prezidenti ölkəsinin də Azərbaycanla hər sahədə, xüsusilə də iqtisadi-ticari və sərmayə qoyuluşu istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Sonda Prezident İ.Duke iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində səfirə uğurlar arzu edib.

Mission News Theme by Compete Themes.