Press "Enter" to skip to content

Şəkiyə Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub

Bayraqdar.info – İyulun 7-də Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəki şəhərinin turistlərin ən çox üz tutduğu tarixi unikal məkanlardan biri olduğunu bildirİb. O, şəhərin tarixi hissəsinin mühafizəsi və inkişafının dövlətin daim diqqətində olduğunu deyib.

F.Nağıyev DTA tabeliyində olan qoruqların hər birinin ərazisində aktiv və kompleks işlərin aparıldığını deyib. Agentliyin sədri bunda əsas məqsədin mədəni-tarixi irsimizi qoruyaraq onları daha maraqlı və cəlbedici etmək olduğunu vurğulayıb. O, UNESCO ekspertlərilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, Şəkidən başqa Xınalıq qoruğunun da UNESCO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2 il öncə verilmiş qərarın Şəki üçün müstəsna əhəmiyyət daşıdığını bildirib. E.Usubov bu qərarın şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verəcəyini deyib. O, hər il 7 iyul tarixinin Şəkidə “Şəhər günü” olaraq keçirilməsi təklifi ilə çıxış edib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Şəkinin böyük turizm imkanlarına toxunub.

O.Məmmədov bu imkanların bölgədə fəaliyyət göstərən KOB subyektləri və potensial sahibkarlar üçün əlavə üstünlüklər yaratdığını deyib. O, həmçinin turizm sahəsində sahibkarlığın təşviq olunmasının KOBİA-nın fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə isə Şəkinin Ümumdünya İrs Siyahısına düşməsinin uzun və çətin yol nəticəsində baş verdiyini bildirib. O, Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.

Sonra Ümumdünya İrs Siyahısına daxil olunma ilə bağlı UNESCO sertifikatı F.Nağıyev və E.Usubova təqdim edilib.

Tədbir əsnasında Şəkidə tarixi-mədəni irsin qorunub saxlanmasında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif olunub.

Təqdimat mərasimində Milli Məclisin üzvləri və digər rəsmi şəxslər, eləcə də yerli icma nümayəndələri iştirak edib.

Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Mission News Theme by Compete Themes.