Press "Enter" to skip to content

Tarixi eksponatlar: Boyalı küp

Bayraqdar.info – Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan nadir sənətkarlıq əsərlərindən biri də 1936-cı ildə arxeoloq-etnoqraf Ələsgər Ələkbərov tərəfindən Naxçıvanda Şahtaxtı nekropolundan tapılmış polixrom rəsmli küpdür.

Usta onun üzərini müxtəlif növ heyvan və quş rəsmləri ilə bəzədiyi üç zolağa ayırıb. Üst zolaqda bir-birinin arxasında irili-xırdalı qu quşları təsvir edilib. İkinci, nisbətən enli zolaq şaquli istiqamətdə çəkilən həndəsi naxışlarla iki hissəyə bölünüb: bir hissədə keçilər, onlara hücum edən canavar, eləcə də, müxtəlif heyvan və quşlar əks olunub; digər hissədə isə həmin heyvanlardan əlavə vəhşi eşşək və ya at təsvirləri də var. Üçüncü zolaqda isə küp bir-birinə bənd edilmiş romblarla əhatələnib.

Şahtaxtı küpünün hündürlüyü 47 sm, gövdəsinin diametri 48 sm, ağız diametri 19,5 sm, oturacaq diametri 17 sm-dir. Küp muzeyin daimi ekspozisiyasında uzun illlərdən bəri nümayiş edilən, məxsus olduğu dövrün əkinçi-maldar əhalisinin reallığı əks etdirən bədii təsəvvürünün əsrarəngiz məhsuludur.

Mission News Theme by Compete Themes.