Press "Enter" to skip to content

Telman Nüsrətoğlu: FETÖ hədəflərinə çatmaq üçün təhsil sahəsindən istifadə edir

Telman Nüsrətoğlu

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, iyulun 5-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan FETÖ-nün Orta Asiya genel sorumlusu Orhan İnandının yaxalanaraq Türkiyəyə gətirildiyini deyib.

“MİT, yürütdüyü özəl və səbirli çalışmalar nəticəsində FETÖ-nün Orta Asiya genel sorumlusu Orhan İnandını ölkəmizə gətirərək ədalətə təslim etmişdir”, – deyə R.T.Erdoğan bildirib.

Əlavə edək ki, bayraqdar.info iyunun 1-də Orhan İnandının Qırğızıstanın paytaxtı Bişkekdə yoxa çıxması haqqında xəbər vermişdi. Onun Qırğızıstan vətəndaşlığı aldığı, nəzarətində olan məktəblər və iş şəbəkəsi vasitəsilə bu ölkədə FETÖ varlığını qoruduğu bilinən gerçəkdir. Türkiyə bu şəxsi yaxalamaqla FETÖ-yə çox ciddi zərbə vurmuş oldu.

Tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu bayraqdar.info-ya özəl açıqlamasında bunu önəmli addım kimi dəyərləndirib: “FETÖ Türkiyənin böyük güc olma hədəfinə mane olmaq, Türk İslam aləminin birliyinin qarşısını almaq üçün imperialist mərkəzlər tərəfindən himayə edilən yapılanmadır. “Türk markası”, “türk məktəbi” adı altında bütün geniş coğrafiyalarda məktəblər açan FETÖ, həmçinin iqtisadiyyatdan mediaya qədər geniş sahəyə nüfuz edib. Sonradan bu terror təşkilatının fəaliyyətinin imperialist mərkəzlərin maraqlarına uyğun qurulduğu ortaya çıxdı”.

T.Nüsrətoğlu FETÖ-nün hiyləgər bir yapılanma olduğunu deyib: “Biz bilirik ki, Balkanlardan Orta Asiya coğrafiyasına qədər hər tərəfdə bir Türkiyə sevgisi var. FETÖ-nün üzvləri də məhz türk adına, türk varlığına, türk mədəniyyətinə olan bu sevgidən öz qaranlıq məqsədləri üçün sui-istifadə ediblər. Təbii ki, FETÖ sadəcə Türkiyə çapında olan bir təşkilat deyildir. Bu, qlobal miqyaslı bir terror təşkilatdır. Daha çox Afrikadan Orta Asiyaya qədər olan coğrafiyada məktəblər açaraq qaranlıq fəaliyyətini davam etdirmək siyasəti yürüdüb”.

T.Nüsrətoğlu deyib ki, 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra FETÖ-nün Türkiyə yapılanmasına ölümcül zərbə vurulub: “Amma bu terror təşkilatının bəzi ölkələrdə, o cümlədən Orta Asiyada, xüsusilə də Qırğızıstanda hələ də təsir dairəsinin güclü olduğu kimsəyə sirr deyil. Bununla belə, son dövrlər türk dünyasındakı inteqrasiyanın dərinləşməsi bu terror təşkilatını da küncə sıxıb”.

Müsahibimiz deyib ki, məhz bu konteksdə Orta Asiyanın FETÖ-dən təmizlənməsinə başlanılıb: “Bu isə çox önəmlidir. Çünki biz artıq dünyanın iqtisadi və siyasi cazibəsinin də Asiyaya doğru istiqamətləndiyinin şahidi oluruq. Belə bir şəraitdə isə Orta Asiyanın önəmi xüsusilə də hiss edilir. Az öncə qeyd etdiyim kimi, türk dünyasında inteqrasiyanın dərinləşdiyini də nəzərə alanda o zaman Orta Asiyanın önəmi daha da artır. Bu proseslər fonunda isə Orta Asiyanın imperialist güclərin sifarişini yerinə yetirən FETÖ-dən təmizlənməsi zəruri və vacibdir”.

T.Nüsrətoğlu əlavə edib ki, əslində bütün türk dünyası FETÖ-yə qarşı mübarizəni özünün milli təhlükəsizlik konsepsiyası kimi qəbul etməlidir: “Çünki bu terror təşkilatının çox gizli və təhlükəli hədəfləri var. FETÖ bu hədəflərinə çatmaq üçün təhsil sahəsindən istifadə edir. Orta Asiyanı FETÖ-nün cəngindən qurtarmaq üçün ilk olaraq bu terror təşkilatının nəzarətində olan orta və ali məktəbləri gerçəkdən türklüyə, türk dünyasının birliyinə xidmət edən təhsil müəssisələriylə əvəz etmək lazımdır. Son olaraq bildirim ki, FETÖ-nün Orta Asiya genel sorumlusunun tutularaq Türkiyəyə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, Orta Asiya regionunun FETÖ-dən təmizlənməsinə və daha da milliləşdirilməsinə xidmət edəcək bir prosesin başlanğıcı olacaq”.

Mission News Theme by Compete Themes.