Press "Enter" to skip to content

Türkmənistan Türk Keneşinə qoşulur, ardından da üçlü Zirvəyə qatılır

Bayraqdar.info – Türkmənistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Keneşi) müşahidəçi qismində iştirakı ölkənin Türk Keneşinin iclaslarına fəal şəkildə qatılmasından, bütün türkdilli dövlətlərlə müxtəlif sahələrdə fəal əməkdaşlığından qaynaqlanır.

Business Turkmenistan saytının məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov noyabrın 9-da TRT World kanalının baş redaktoru Yusuf Erimə müsahibəsində bildirib.

Müsahibədə Türkmənistan lideri deyib: “Əgər Türkmənistanın Türk Keneşində müşahidəçi qismində iştirakı ilə bağlı qərara səbəb olan vəziyyətlərdən danışsaq, deyə bilərik ki, Türkmənistan Şuranın iclaslarında həmişə yüksək səviyyədə iştirak edir. Bu kontekstdə Türkmənistan bütün türkdilli ölkələrlə müxtəlif sahələrdə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq edir. Ona görə də biz Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olmaq qərarına gəldik”.

Türkmənistanın rəsmi mətbuatında yer alan xəbərə görə, Prezident ölkəsinin Türk Keneşində müşahidəçi qismində iştirakının qurumun siyasi, ticari, iqtisadi, mədəni və humanitar əlaqələrindəki fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Müsahibə zamanı o da bildirilib ki, yaxın vaxtlarda Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli Zirvə toplantısı keçiriləcək. Bu kontekstdə Türkmənistan lideri qeyd edib ki, ölkələrin ticari və iqtisadi əlaqələri qarşılıqlı fayda və bərabərlik prinsipləri əsasında daim inkişaf edir: “Öncəlikli məsələlər enerji, nəqliyyat və kommunikasiya kimi strateji sahələrlə bağlıdır. Hesab edirəm ki, Türkmənistan, Azərbaycan və Türkiyə Şərq-Qərb marşrutunda enerji körpüsünün yaradılmasında öncüldür”.

O, keçiriləcək zirvə görüşünün bu üç ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafına, yeni sahələrin açılmasına töhfə verəcəyini vurğulayıb.

Müsahibə zamanı enerji, nəqliyyat və ticarət sahələrində mühüm layihələr haqqında da danışılıb. Qeyd edilib ki, “bu layihələrə Türkmənistan-Çin təbii qaz kəməri, Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətti, Türkmənistan-Əfqanıstan-Pakistan elektrik ötürücü xətti və fiber optik rabitə xətti, Türkmənistan və Əfqanıstan arasında Serhetabat-Turgundi dəmir yolu xətti, həmçinin Türkmənistan-Əfqanıstan-Hindistan -Pakistan təbii qaz kəməri, Türkmənistandan Çinə uzanan təbii qaz kəmərinin dördüncü qolu və Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəql marşrutu daxildir”.

Mission News Theme by Compete Themes.