Bayraqdar.info – Noyabrın 11-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” Respublika uşaq rəqs festivalının yekun konserti keçirilib.
Xəbər bayraqdar.info-ya Teatrdan verilib.
“Festivala Bakı şəhərinin ümumtəhsil məktəblərindən, regionlarında və paytaxtda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən 47 rəqs kollektivi olmaqla 400-dən çox uşaq qatılıb. “Milli rəqs” və “Vətənpərvərlik mövzusunda rəqs kompozisiyası” nominasiyaları üzrə 50 rəqs nömrəsinə baxış olub və qaliblər müəyyənləşdirilib.
“Konsertdə rəqs kollektivləri çıxış edib, qaliblər xüsusi mükafat, kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
“Festival Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri arasında keçirilib.
“Müsabiqə milli (xalq və folklor) rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri, vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları üzrə 3 yaş (7-12, 13-17 və qarışıq) qrupunda və 3 mərhələdə keçirilib.
“Festivalın məqsədi möhtəşəm qələbəni qeyd etmək, gənc nəsildə Vətənə, torpağa məhəbbət hissini artırmaq və vətənpərvərlik ruhunu təbliğ etmək, şəhidlərin əziz xatirəsini yad etmək, milli-mənəvi dəyərləri qoruyub təbliğ etmək olub. Həmçinin, Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, adət-ənənələri, xalq yaradıcılığı və folkloru ilə yaxından tanış olmaq, gənc istedadları və uşaq rəqs kollektivlərini üzə çıxarmaqdan ibarətdir.” Xəbərdə belə qeyd edilir.









