Press "Enter" to skip to content

Belovejsk bir daha tarixə düşə bilər

SSRİ-nin süqutunun rəsmiləşdiyi o tarixi gün

Bayraqdar.info – Rusiyanın Ukraynaya hərbi müdaxiləsi davam edir. Ötən müddət ərzində hər iki tərəf ciddi hərbi itkilərlə üzləşib.

Bu arada isə tərəflər arasında növbəti, ikinci danışığın harada keçiriləcəyi maraq doğurur. Bəzi məlumatlara görə ikinci görüş martın 3-də Belarus sərhəddi yaxınlığında Brestdə baş tutacaq.

Bu xəbər isə özlüyündə məsələyə diqqəti daha da artırıb. Məsələ burasındadır ki, danışıqlarda Rusiya heyətinə rəhbərlik edən Vladimir Medinski görüşün Belarusun Ukrayna və Polşa ilə sərhəd şəhəri olan Brestin Belovejsk meşəsində keçiriləcəyini bildirib.

Məlumat üçün qeyd edək ki, bu ərazi tarixə SSRİ-nin dağılmasının rəsmiləşdiyi məkan kimi düşüb. 31 il əvvəl 8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belarusun dövlət başçıları (Boris Yeltsin, Leonid Kravçuk, Stanislav Şuşkeviç) tərəfindən “Belovejskaya Puşşa” adlanan yerdə, Viskuli bağ evində müqavilə imzalanıb . Müqaviləyə əsasən Sovet İttifaqının buraxılması və yerində Müstəqil Dövlətlər Birliyinin yaradılması elan olunub. 25 dekabr 1991-ci ildə Mixail Qorbaçovun SSRİ prezidenti kimi istefaya gedərək hakimiyyəti Boris Yeltsinə təhvil verməsi ilə Sovet İttifaqının dağılması de-fakto qəbul edilib.

Beləliklə, bir dəfə tarixə SSRİ-nin süqutunun rəsmiləşdirildiyi məkan kimi düşən Belovejskinin bu dəfə tarixə necə düşəcəyi maraq doğurur.

Mission News Theme by Compete Themes.