Bayraqdar.info – “İrəli” İctimai Birliyi “QHT əməkdaşlarının media və PR bacarıqlarının artırılması” layihəsini həyata keçirəcək.
Bu barədə bayraqdar.info-ya martın 3-də qurumdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə keçiriləcək layihənin əsas məqsədi qeyri-hökumət təşkilatları əməkdaşlarının bilik və bacarıqları artırmaq, onların fəaliyyətlərinin mətbuat və sosial şəbəkələrə çıxış imkanlarını gücləndirməkdir. Habelə QHT-lər tərəfindən aparılan PR-ın səmərəliliyinin yüksəldilməsinə nail olmaq, həyata keçirilən təlim və görüşlərlə kütləvi informasiya vasitələri ilə yeni əməkdaşlıqlar qazanmaq, o cümlədən mövcud əməkdaşlıqları daha da gücləndirmək layihə çərçivəsində hədəflənən işlər sırasındadır: “Dörd gün müddətində, müxtəlif QHT-lərdən35 nümayəndənin iştirakı ilə keçiriləcək layihə çərçivəsində iştirakçılar media savadlılığının artırılması, KİV-lərləiş, mətbuat katibliyi üzrə gənc kadrların yetişdirilməsi, sosial şəbəkələrdə düzgün məzmunun qurulması, həyata keçirilən fəaliyyətlərin PR işinin təşkili və digər mövzular ilə əlaqədar təlimlərdə iştirak edəcək. Birlik tərəfindən həyata keçiriləcək layihə ölkədə fəaliyyət göstərən QHT-lərin ictimaiyyətlə əlaqələr strategiyasının düzgün qurulmasına dəstək olacaq. Layihə müddətində həmçinin bir sıra media nümayəndələri ilə görüş və digər maraqlı tədbirlərin təşkili nəzərdə tutulub”.
O da qeyd edilib ki, layihədə iştirak hüququ qazanmaq istəyən, qeyri-hökumət təşkilatlarında media və PR istiqamətləri üzrə fəaliyyət göstərən şəxslər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.





