Bayraqdar.info – Ağcabədi Suvarma Sistemləri İdarəsi rayon ərazisində 63 min 000 hektar əkin sahəsinə xidmət edir.
Bunu bayraqdar.info-ya iyunun 6-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.
O qeyd edib ki, hər il olduğu kimi, bu il də idarə tərəfindən meliorativ tədbirlər uğurla icra edilir: “Cari ildə 12 min 000 hektardan artıq pambıq sahəsində, 19 min 000 hektardan çox taxıl sahəsində və 6 min 322 hektar digər kənd təsərrüfat bitkiləri əkilən sahədə və 25 min 630 hektar yonca sahəsində suvarma işləri aparılıb. İdarənin balansında olan nasoslarla 13 min 000 hektar, öz axımı ilə 23 min 290 hektar, 26 min 710 hektar əkin sahəsi isə artezianlarla suvarılıb. Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub ki, artıq bu işlərin də böyük bir hissəsi arxada qalıb. Bununla da əhalinin suvarma və içməli suya olan təlabatı ödənilib”.
Bildirilib ki, Ağcabədi Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti idarənin balansında olan 2 min 261 kilometr suvarma kanalı, 2 min 549 kilometr kollektor drenaj şəbəkəsi, 4 min 445 ədəd hidrotexniki qurğu, 53 ədəd elektrik nasos stansiyası, 1026 ədəd subartezian quyusu, 8 ədəd SNP markalı səyyar nasoslar, 2 ədəd üzən nasosun istismarı və təmirini təmin etməkdən ibarətdir: “Bundan başqa, idarənin balansında olan nasos stansiyalarında da cari təmir işləri aparılıb. Belə ki, Salmanbəyli-9 nasos stansiyasında bir ədəd elektrik mühərriki və Xocavənd-1 nasos stansiyasında bir ədəd elektrik mühərriki təmir olunub. Qeyd edək ki, bu ilin əvvəlindən Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən 470 min kubmetr suvarma kanalı və 401 min kubmetr kollektor drenaj şəbəkələri lildən təmizlənib. 103 ədəd subartezian quyusu cari təmir olunub. Görülən işlər nəticəsində su itkisinin qarşısı alınıb, torpaqların münbitliyi artıb”.





