Lisey ötən 30 ildə həm Azərbaycana, həm də bütövlükdə türk dünyasına minlərlə vətənpərvər, savadlı gənc yetişdirib
Bayraqdar.info – “XXI əsrin türk əsri olması üçün hadisələri düzgün dəyərləndirməli, özümüzə, bizim olanlara sahib olmalıyıq. Dildə, fikirdə, işdə birliyə nail olmalıyıq”.

Bunu 12 il öncə Azərbaycan paytaxtına səfəri zamanı müsahibəsində Prof. Dr Turan Yazgan demişdi. Ötən il yazdığım bir köşədə də vurğuladığım kimi həmin vaxt ağır xəstə olmasına, həkimlərin təyyarəyə minməsinə qadağa qoymasına baxmayaraq Bakıya gəlmişdi türk dünyasının dəyərli bilgələrindən olan, bütün ömrünü Turanın qurulmasına həsr etmiş Turan Hoca. Gəlişinin səbəbi isə canı qədər sevdiyi, övladları qədər dəyər verdiyi Bakı Atatürk Liseyinin ənənəvi məzun törəninə qatılmaq idi.

1992-ci ildə min bir əziyyət hesabına əsasını qoyduğu bu liseyin şagirdlərinə böyük ümidlə baxırdı Prof. Dr. Turan Yazgan. Həmin o tarixi məzun gecəsində çox gözəl bir nitq də söyləmişdi. Sanki vəsiyyət xarakterli həmin nitqində o, gənclərə türk birliyinə gedən yolda üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücləri ilə çalışmağı tövsiyə etmişdi.
Prof. Dr. Turan Yazganın və silahdaşlarının türk birliyi uğrunda tarixi mücadilələri barədə bir qədər sonra qeyd edəcəyik. Hələlik isə onu bildirək ki, ümumiyyətlə Bakı Atatürk Liseyinin məzun günü ilə bağlı mərasimlərə hər zaman çox önəm verilir. Hər il Türkiyədən və Azərbaycandan rəsmilər, ictimai-siyasi xadimlər bu tədbirlərdə iştirak edir. Bu ənənənin əsasını da məhz rəhmətlik Turan Yazgan Hoca qoyub. Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) indiki rəhbərliyi də bu ənənəni böyük zövqlə davam etdirir.
Bu gün də Bakı Atatürk Liseyində növbəti məzun günüdür. Özü də bu məzun günü liseyin yaranmasının 30-cu ildönümünə təsadüf edir. Bəs, Bakı Atatürk Liseyi niyə və necə yarandı?

Bunun cavabını bilmək üçün tarixə qısa ekskurs etmək vacibdir. 1938-ci ildə İspartanın Egirdir ilçəsində anadan olan Prof. Dr. Turan Yazgan gənc yaşlarından dahi Mustafa Kemal Atatürkün “Türk birliyinə inanır və onu görürəm” vəsiyyətinin reallaşması üçün çalışdı, bu yolda misilsiz fədakarlıqlar göstərdi. Məhz bu məqsədlə də 1980-ci ildə bir neçə məsləkdaşı ilə birlikdə Türk Dünyası Araşdırmaları Vəqfini (TDAV) təsis etdi.
Fəaliyyətə başlamasının artıq 42 ili tamam olan Vəqfin qurulmasında əsas məqsəd türk dünyasındakı şagird və tələbələrə təlim və təhsil verilməsinə yardımçı olmaqdı. Yəni, Turan Yazgan və məsləkdaşları məhz bu Vəqfin təsisçiliyi ilə türk yurdlarında, o cümlədən keçmiş SSRİ-nin dağılmasından sonra müstəqilliyinə qovuşan türk respublikalarında daha bilikli, türklük düşüncəsinə sahib şagird və tələbələrin yetişdirilməsi üçün hərəkətə keçdilər.

Bu qutlu, tarixi missiyanı icra edənlərin ilk dayanacağı isə məhz Bakı oldu. 1992-ci ildə əsası qoyulan Bakı Atatürk Liseyi Türkiyə Cümhuriyyəti istisna olaraq, Vəqfin türk coğrafiyasında açılan ilk məktəbidir. Ötən 30 il ərzində Bakı Atatürk Liseyi üzərinə qoyulan vəzifələri şərəflə yerinə yetirib. Vətənini, bayrağını və xalqını sevməyi ilk gündən müəllimlərindən öyrənən liseyin şagirdləri buranı qurtardıqdan sonra həmin sevgini özləri ilə daşıyıblar hər yerə. Ötən 30 ildə lisey həm Azərbaycana, həm də bütövlükdə türk dünyasına minlərlə vətənpərvər, savadlı gənclik bəxş edib.
Çox xoşbəxtəm ki, mənim övladlarım Şəmsiyə və Nihatın da yolu bu liseydən keçib. Bu gün qardaş Türkiyənin universitetlərində təhsil alan övladlarımın bu uğurunda ən böyük paya sahib olan məhz Bakı Atatürk Liseyidir. Mən buna görə Prof. Dr. Turan Yazgan Hocaya Allahdan rəhmət diləyir, dəyərli Közhan Yazgan bəy başda olmaqla TDAV-ın ziyalı ailəsinə, o cümlədən Eylem Gültekin xanım başda olmaqla Bakı Atatürk Liseyinin müəllim kollektivinə minnətdarlıq edirəım.

Təbii ki, bu xoş gündə Bakı Atatürk Liseyinin ən ağır dönəmində çiyinlərini yükün altına verərək inanılmaz mücadilə edən Ali Devrim Hoca başda olmaqla haqq dərgahına qovuşan hocalara rəhmət, Şinasi Güner, Hüseyn Demirel hocaların timsalında isə bu gün özləri liseydə çalışmasalar da ürəkləri daim bu təhsil ocağı ilə bir vuran bütün hocalara da qocaman bir alqış düşür.
Bəli, türk dünyasına yararlı gəncləri yetişdirməyə davam edən Bakı Atatürk Liseyi ötən 30 ildə çox ağır sınaqlardan da keçdi, çoxsaylı problemlərlə də baş-başa qaldı. Amma geri çəkilmədi. Nəticədə bu gün 30 yaşını qürurla qeyd edən təhsil ocağı eyni zamanda bir sıra uğurlara imza atıb.

Xatirimdədir, TDAV-ın indiki rəhbəri Közhan Yazgan 5 il öncə yenə də mənə müsahibəsində “Planımızda dildə, fikirdə, işdə birlik yolunda dayanmadan çalışmaq var. Dahi Mustafa Kemal Atatürkün dediyi “türk birliyini görür, ona inanıram” sözünü əldə rəhbər tutan Turan Yazgan hocamız bizə belə vəsiyyət etmişdi: “Hər bir türk gənci, türk uşağı bu birliyi görənə qədər mübarizəni davam etdirəcəyik”. Biz də o vəsiyyətə əməl edərək bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycandakı fəaliyyətimizə gəlincə, düşünürük ki, imkanlarımız olduqca türk dünyasının bu günü və gələcəyi, Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənməsi üçün fəaliyyət göstərən Bakı Atatürk Liseyi kimi məktəblərin sayının artırılmasının çox böyük faydası var” demişdi.
Bu, əslində bir atanın başladığı müqəddəs yolun davam etdirilməsi qərarlılığından xəbər verirdi. Və həmin müsahibədən keçən 5 il ərzində məhz o qərarlılıqla həqiqətən də inanılmaz bir yol qət edilib.
Bu gün öz imkanlarını genişləndirən lisey Turan Yazganın bütün vəsiyyətlərinə əməl edir, bütün ideyalarının gerçəkləşməsi üçün var gücü ilə çalışır. Bir zamanlar türk birliyinə xəyal kimi baxanlara rəğmən “biz türk birliyi, Turan üçün idarəçilər yetişdirəcəyik” qətiyyətini, inamını ortaya qoyan rəhmətlik Turan Yazganın qutlu missiyasını davam etdirən Közhan Yazgan bəy bu təhsil ocağının yeni dövrün yeni çağırışlarına cavab verməsi üçün hər cür dəstəyi göstərir.

Əminik ki, bir zamanlar hətta Türkiyənin özündə belə böyük bir kəsimin reallaşacağına inanmadığı türk dünyasının birliyi üçün yola çıxan Turan Yazganın təməlini qoyduğu bu təhsil ocağı bundan sonra da öz şərəfli missiyasını uğurla davam etdirəcək. Necə ki, 30 il öncə təməli qoyulan Bakı Atatürk Liseyinin yetirmələri bu gün türk dünyasının birliyi işinin fəal nəfərləridir, eləcə də bu təhsil ocağının gələcək yetirmələri Qızıl Almaya (Kızılelma) gedən yolun bayraqdarları olacaqlar.









