Press "Enter" to skip to content

Təəssüf ki, Azərbaycandan Şuşanı görmədən gedirəm – DİPLOMAT

Mustafa Kemal Beyazbayram

Mustafa Kemal Beyazbayram: Könül istərdi ki, mən də o müqəddəs yerlərə gedib, o gözəl, cənnət Şuşanın havasını udub Azərbaycanın igid övladlarının misilsiz qəhrəmanığı sayəsində işğaldan azad edilmiş torpaqlarda gəzə biləydim

Bayraqdar.info – “Azərbaycana vəzifədə olaraq ikinci gəlişim qardaş ölkənin 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərindən sonraya təsadüf etdi. Ötən bir il ərzində də qalib Azərbaycanın bütün sahələrdə əldə etdiyi yeni-yeni uğurların şahidi olduq. Artıq bir neçə gündən sonra buradan, mənim üçün ikinci Vətən olan Azərbaycandan ayrılacağam. Amma buna əmin ola bilərsiniz ki, bura tez-tez gələcəyəm. Əvvəla ona görə ki, həyat yoldaşım azərbaycanlıdır. Bura əkiz qızlarımın analarının Vətənidir. İkincisi isə, dediyim kimi, bura mənim də ikinci Vətənimdir”.

Bunu bayraqdar.info-ya müsahibəsində qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Bakı təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayram deyib.

Xatırladaq ki, 2022-ci ilin fevralında imzalanan qərarla KKTC-nin xaricdəki bəzi təmsilçiləri diyişib. Həmin dəyişikliklər qərarına əsasən KKTC Xarici İşlər Nazirliyinin xarici işlər dairəsi genel müdiri Ufuk Turganer Bakı nümayəndəliyinin rəhbəri təyin edilib. U.Turganer 1 avqust 2022-ci il tarixindən öz vəzifəsinin icrasına başlayacaq. Elə həmin tarixdən etibarən Mustafa Kemal Beyazbayram KKTC Xarici İşlər Nazirliyində müvafiq vəzifədə fəaliyyətə başlayacaq.

Azərbaycandan ayrılmazdan öncə dəyərli Mustafa bəylə görüşüb geniş müsahibə aldıq. Müsahibəni yaxın vaxtlarda dərc edəcəyik. Lakin M.K.Beyazbayramın müsahibədə vurğuladığı bir təsirli məqamı xüsusi olaraq təqdim etməyi özümüzə borc bildik. Hər halda Azərbaycanı ikinci Vətəni kimi sevən, bir növ özü də Azərbaycanlı olan (həyat yoldaşı Azərbaycan vətəndaşıdır – N.A.) Mustafa bəy buradan, belə demək mümkünsə, bir niskillə gedir.

Söhbət ondan gedir ki, M.K.Beyazbayram çox istəsə də işğaldan azad edilmiş torpaqlara, xüsusilə də Şuşaya gedə bilməyib: “Düzü, Azərbaycandan bu istəyim reallaşmadan getdiyim üçün bir qədər üzgünəm. Təəssüflər olsun ki, işğaldan azad edilmiş torpaqları, xüsusilə də Şuşanı görə bilmədim. Bunun da bizdən asılı olmayan səbəbləri var. Bilirisiniz ki, KKTC beynəlxalq birlik tərəfindən rəsmən tanınmayıb. Ona görə də, xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfərlərində bizi götürmədilər. Əlbəttə, bunu anlayışla qarşılayıram. Amma dediyim kimi, həm də bir üzüntü keçirirəm. Könül istərdi ki, mən də o müqəddəs yerlərə gedib o gözəl, cənnət Şuşanın havasını udub Azərbaycanın igid övladlarının misilsiz qəhrəmanığı sayəsində işğaldan azad edilmiş o torpaqlarda gəzə biləydim. Lakin olmadı. O yerlərə hələ turist səfərləri də təşkil edilmədiyi üçün özüm də sərbəst olaraq gedə bilmədim. Əgər turist səfərləri olsaydı böyük məminiyyətlə həyat yoldaşımı da, əkiz qızlarımı da ora aparar, türklüyün zəfər dastanının yazıldığı müqəddəs torpaqları onlara da göstərərdim. Amma olmadı. Bu dəfə biz yalnız o yerləri görüb gələnlərin danışdıqlarını dinləməklə təsəlli tapa bilirik”.

M.K.Beyazbayram bu həsrətinə yaxın gələcəkdə son qoyulacağına da ümid edir: “Dediyim kimi, bu dəfə bizə o müqəddəs torpaqları görmək qismət olmadı. Amma ümid edirəm ki, gələn il, inşallah, Azərbaycana qonaq kimi gələndə o yerlərə də gedə biləcəyik”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.