Son yeniləmə: 6 İyul 2022
Savaş Mərəndli: Əks halda bizi nə gələcək nəsillər, nə də tarix bağışlamaz
Bayraqdar.info – “Ana dilinin terminologiyasına nəzər salsaq deyə bilərik ki, bu, məhz hər bir şəxsin doğulduğu vaxtdan etibarən öyrəndiyi dildir. Əfsuslar olsun ki, bir çox sözdə konstitusiya üzərinə qurulmuş dövlətlər, əslində, öz torpağında yaşayan xalqı öz dilini öyrənməkdən məhrum edirlər. Məqsəd isə ortadadır. Millət özünü tanımadıqca işğal edən tərəfin başqalarının torpağına varis olması asanlaşır. Tam bu ideyanı bu gün həyata keçirən dövlət İrandır”.
Bunu bayraqdar.info-ya açıqlamasında Güney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli bildirib.
“Hər kəsə məlumdur ki, bir millətin özünü tanıması öz dilini bilməsilə başlar. Millət öz tarixinin, mədəniyyətinin, ənənəsinin ta qədimdən və saxta faktlarla bəzənməmiş halını öz dilində tapıb oxuya bilər”, – deyə o, qeyd edib.
Hazırda ABŞ-da yaşayan soydaşımız Zaur Bayramlının bayraqdar.info-ya müsahibəsində Güney Azərbaycandan olan və Azərbaycan Respublikasında ali təhsil alan tələbələrə təqaüd verilməsinə dair təklifinə də münasibət bildirən S.Mərəndli deyib ki, 40 milyon Azərbaycanlının öz torpağında yaşadığı bir dövlətdə örnək üçün Azərbaycan dilində bir məktəb yoxdur: “Ali təhsil sistemi haqqında isə söz ola bilməz. Halbuki 140 min erməninin yaşadığı İranda erməni dilində məktəblər var. Bu ayrı-seçkilik və müxtəlif yanaşma bir milləti tədricən və planlı şəkildə silmək deməkdir. Gənclərimizi aydınlatmaq bizim borcumuzdur. Lakin məhdudiyyətləri aradan qaldırmaq üçün Azərbaycan dövlətinə ehtiyacımız var. Maddi və mənəvi dəstək verərək bu tələbərin öz dilində təhsil almalarına yardım edilməsini istəyirik. Onlara kim olduqlarını, köklərini, tarixlərini öyrətmək Azərbaycan dövlətinin üzərinə düşər. Əks halda bizi nə gələcək nəsillər, nə də ki, tarix bağışlamaz”.





