BAYRAQDAR MEDİA – Oktyabrın 15-16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi – “Anamın kitabı” tamaşasının premyerası olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya teatrdan məlumat verilib.
Qeyd edilib ki, tamaşa Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında hazırlanıb: “Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər. İngilis dilində hazırlanan tamaşada əsas məqsəd ana dilimizin təbliğatı istiqamətinə yönəlib. Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir”.
Vurğulanıb ki, günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan ananın timsalında təqdim olunur: “Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarı ilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, ana övladları ilə mübarizəyə başlayır”.
Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhimdir: “Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayevə və rejissor Zaur Əliyevə aiddir. Qeyd edək ki, teatrın tarixində ilk dəfə ingiliscə nümayiş olunacaq bu tamaşa üçün biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür”.









