Press "Enter" to skip to content

İran antitürk, anti-Azərbaycan fəaliyyətlərini davam etdirir

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: İranın “beşinci kolon”unun təxribatlarına qarşı həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarının ayıq-sayıq olması lazımdır

BAYRAQDAR MEDİA – “İran “beşinci kolon” vasitəsilə antitürk, anti-Azərbaycan fəaliyyətlərini davam etdirir. Təbii ki, bu, yeni bir şey deyil. Yəni keçmişdə də belə idi. İranın bu cür fəaliyyəti Birinci Qarabağ müharibəsi zamanı da sərgiləndi. Eyni cür addım İkinci Qarabağ müharibəsi zamanı da atıldı”.

Bunu İranın son addımlarını, o cümlədən Naxçıvanla bağlı səslənən iddiaları dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatına əsasən, son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb.

Y.Yarauzun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonrakı iki il ərzində də İran Azərbaycana qarşı düşmən mövqe sərgiləyib: “İran Azərbaycanın düşmənləri ilə eyni cəbhədə addımlayır. Son olaraq isə adını belə dilimə gətirmək istəmədiyim hansısa qondarma qurumun adından əsassız iddialar səsləndirilir. Kimsəyə sirr deyil ki, bu qondarma qurum adından səslənən iddialar İrandakı hansısa qüvvələrin Azərbaycanın ərazi bütövlüyünü hədəfə almaq məqsədi daşıyır. Bu, Azərbaycana qarşı psixoloji hücum, dezinformasiya müharibəsidir. Onu da deyim ki, təxminən bir ay öncə də buna oxşar daha bir təxribata əl atılmışdı. O zaman da İrandakı hansısa dərin və qaranlıq qüvvələrlə bağlantısı olduğu söylənilən “Zəngəzur Cümhuriyyəti” adı altında bir qondarma qurum ortaya atıldı. Hətta guya Türkiyənin bu qondarma qurumu tanıdığına dair yalanlar da səsləndirildi”.

Müsahibimiz deyib ki, “İranın “beşinci kolon”unun bu təxribatlarına qarşı həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarının ayıq-sayıq olması lazımdır. Son nəticədə İran Naxçıvana qarşı hər hansı təcavüzkar addıma əl ata bilməz. Onun hansısa “müraciəti” əlində bəhanə edib Azərbaycana qarşı addımı Türkiyəyə və Azərbaycana qarşı müharibə elan etməsi deməkdir. Çünki Kars anlaşması ilə Naxçıvanın qarantörü Türkiyədir. Şuşa Bəyannaməsi ilə də Azərbaycan torpaqlarına edilən hər hansı hücum Türkiyəyə edilmiş hücum kimi dəyərləndiriləcək. Dolayısı ilə İran dövləti hisslərlə deyil, ağılla hərəkət etməlidir. Əks təqdirdə Türkiyə və Azərbaycanı qarşısında görəcək”.

Mission News Theme by Compete Themes.