Press "Enter" to skip to content

Türkiyə və Azərbaycana toxunan cəzasını alacaq

Erdoğan Karakuş

Erdoğan Karakuş: İran antitürk siyasətini davam etdirir və bu məsələdə ermənilərdən də istifadə edir

BAYRAQDAR MEDİA – “Türkiyə və Azərbaycanın çox güclənməsi İranı rahatsız edir. Bu narahatlığın kökündə də İranın mövcud rejiminin idarəçiliyi dayanır. Yəni İran bir din dövləti olduğunu bəyan etsə də, yaradılan şəraitdən yalnız farslar yararlanır. Digər xalqların, xüsusilə də türk xalqlarının hüquqları pozulur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyənin Ehtiyatda olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Erdoğan Karakuş deyib.

İranın son hərəkətlərini dəyərləndirən E.Karakuş bildirib ki, uzun illər türklərə zülm edən İran indi onların öz haqlarını tələb etməsindən qorxur: “İran rejimi bu ölkənin parçalanmasından qorxur. Bu qorxu isə onlara böyük zərər verir. Halbuki nə Türkiyə, nə də Azərbaycan İranın parçalanmasını istəmir. Buna baxmayaraq İran antitürk siyasətini davam etdirir və bu məsələdə ermənilərdən də istifadə edir. Müsəlman ölkə deyirik, amma bu müsəlman ölkə ermənilərə yardım edir. Bu necə müsəlmanlıqdır?”.

Müsahibimiz qeyd edib ki, əgər İran bu cür davam edərsə, cavabı da olacaq: “Azərbaycana və Türkiyəyə toxunan cəzasını alacaq. Ermənistanı əlində saxlamaq üçün etdiyi bu həmlələr İranın özünə ən böyük ziyan vuracaq”.

İrandakı son olayları da dəyərləndirən E.Karakuş qeyd edib ki, bu proseslərin qarşısını almaq mümkün deyil: “Çünki İranın idarəçiliyi mövcud dünya şərtlərinə uyğun deyil. Eyni zamanda, daxildə də etnik baxımdan ayrı-seçkiliyə yol verilir. İran əhalisinin yarısından çoxunu təşkil edən türklərin hüquqları pozulur. Mən bir gün bu haqsızlığa son qoyulacağına inanıram. Əminəm ki, İran əhalisinin əksəriyyətini təşkil edən türklər bu ölkə idarəçiliyində haqq etdikləri mövqelərə sahib olacaqlar”.

“Mən bu gün azad Şuşadan bu açıqlamanı verirəm. Burada olmaqdan qürur duyuram. Şuşa inkişaf edir, yenilənir, bərpa olunur. Bu, bizdə qürur hissi yaratdı. Buradan bəyan edirəm ki, böyük Azərbaycan bütün çətinliklərin və təhlükələrin öhdəsindən gəlmək gücündədir. Buna kimsənin şübhəsi olmasın”, – deyə E.Karakuş sonda əlavə edib.

Mission News Theme by Compete Themes.