Press "Enter" to skip to content

Xaçmazda ailə dəyərlərinə həsr edilmiş tədbir – FOTOLAR

Tədbirdən görüntü

Son yeniləmə: 10 Noyabr 2022

BAYRAQDAR MEDİA – “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!” adlı layihə çərçivəsində Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində ailə dəyərləri mövzusunda tədbir keçirib. Qeyd edilən layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəkləyir.

Xəbəri BAYRAQDAR MEDİA-ya noyabrın 12-də sözügedən Birlikdən veriblər.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Tariyel Didarov, adı keçən Muzeyin direktoru Pakizə Mehdiyeva, müxtəlif dövlət qurumlarından nümayəndələr, orta məktəb müəllimləri, gənclər və 44 günlük Vətən müharibəsi qaziləri iştirak edib.

Təşkilatın sədri və layihə rəhbəri Lamiyə İsazadə açılış çıxışında layihənin donoru və məqsədi haqqında iştirakçıları məlumatlandırıb. O, layihənin gənclərin milli-mənəvi dəyərlərlə tərbiyə olunması, milli dəyərlərə bağlılıq, böyüklərə hörmət və digər milli dəyərlər işığında maarifləndirilməsini nəzərdə tutduğunu diqqətə çatdırıb.

L.İsazadə qeyd edib ki, “sağlam ailə sağlam cəmiyyət deməkdir. Dövlətin əsasını sağlam ailələr təşkil edir. Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Ailə sevgi üzərində qurulmalıdır, fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır, nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni səviyyələri üst-üstə düşməli, sosial statusları, iqtisadi durumları uyğun olmalıdır”.

Tədbirin əsas məruzəçisi, Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət çıxış edərək ailə dəyərləri haqqında fikirlərini ətraflı izah edib: “Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Kiçik dövlət sayılan ailə insanlar arasında ilkin ictimai birlik formasıdır, millətin gələcək fərdləri orada böyüyür, ilk sosiallaşma və davranış qaydaları da ailədən başlayır. Normal cəmiyyəti normal ailələrdə tərbiyə olunan uşaqlar formalaşdırır”.

Baş məsləhətçi Tariyel Didarov da ailə dəyərləri mövzusunda öz dəyərli fikirlərini səsləndirib. O, özəlliklə də Azərbaycan ailə modelinin uğurundan danışıb.

Muzeyin direktoru Pakizə Mehdiyeva isə çıxışında tədbirdə iştirak edənlərlə ailə dəyərləri barədə fikirlərini paylaşıb.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsi iştirakçıları – polkovnik-leytenant Fərzəliyev Abgül Əbilfərz oğlu, kapitan Qədirov Niyaməddin Nadir oğlu, mayor Balabəyov Taleh Asif oğlu “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin Fəxri Diplomu ilə təltif edilib.

Qeyd edək ki, üç aylıq layihə çərçivəsində keçirilən ailə dəyərləri mövzusundakı tədbirlər Bakı, Xaçmaz və Tərtər bölgələrini əhatə edir. Bu qəbildən olan daha bir tədbir haqqında da BAYRAQDAR MEDİA məlumat vermişdi.

ADPU-da ailə dəyərləri müzakirə edilib

Mission News Theme by Compete Themes.