BAYRAQDAR MEDİA – “Öncə onu qeyd edim ki, Rusiya sülhməramlıları ilə bağlı dünyada birmənalı münasibət yoxdur. Haqlı olaraq belə qənaət formalaşıb ki, həmin qüvvələr mövcud olduqları coğrafiyada sülhə və sabitliyə xidmət etmir və sülhməramlı adı altında Rusiyanın maraqları çərçivəsində fəaliyyət göstərir”.
Bu sözləri BAYRAQDAR MEDİA-ya açıqlamasında Rusiya sülhməramlı kontingentinin uyğunsuz davranışlarını şərh edən politoloq Yeganə Hacıyeva deyib.
Ekspert onu da əlavə edib ki, “biz bunu Gürcüstanda, Ukraynada və digər bölgələrdə də görürük. Onlar Azərbaycandakı fəaliyyətlərini də həmin ssenari üzrə həyata keçirir və erməni bölücülərindən öz maraqları üçün məharətlə istifadə edirlər”.
“Əslimdə Rusiya başa düşür ki, mövcud şərtlərlə bölgədə nəyisə Ermənistanın xeyrinə dəyişmək mümkün deyil və buna görə də çalışır ki, Qarabağdakı bölücü qalıqlarını gücləndirib bir təzyiq aləti kimi istifadə etsin.
“Qarabağın resurslarının yağmalanması faktlarını gizlətmək üçün sülhməramlılar səlahiyyətlərini aşaraq Azərbaycan ekoloji komissiyasını və medianı əraziyə buraxmadılar.
“Rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidə ekoloji monitorinq qrupunun səfərinə iki dəfə mane olan “sühməramlı missiya” üçüncü dəfə bandit Vardanyanla əlaqəyə məcbur etmək üçün sabotaja əl atdı”, – deyə Y.Hacıyeva bildirib.
Politoloq daha sonra qeyd edib ki, “bu gün buna cavab olaraq Azərbaycan sülhməramlılarla bağlı Rusiyaya nota verdi. Əslində verilən notanı bir cümlədə belə şərh edə bilərik ki, Azərbaycan sual etdi ki, sülhməramlılar Azərbaycan təbii resurslarının talanmasında iştirak edirlərmi?”
“Bu həm də Xankəndinin Azərbaycana inteqrasiyasının qarşısını almağın uğursuz cəhdidir. Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunmasına yönəlik prosesin yekun mərhələsinə başlayıb və biz dövləti mövcudluğumuzu bütün ərazilərimizdə bərpa etmək siyasətini yekunlaşdırmaqda israrlıyıq. Sülhməramlılar burda arzuedilməz mövqe tutsalar, özləri Azərbaycan ərazilərində arzuedilməz olacaqlar.” Bu sözlər də ekspertə aiddir.





