Press "Enter" to skip to content

Din pərdəsi altında törədilən cinayət əməlləri

Emin Həsənli

Son yeniləmə: 2 Fevral 2023 20:18

Emin Həsənli: Bu gün İranın Azərbaycana qarşı apardığı düşmən siyasətində həmin casus şəbəkə də fars-molla rejiminin yanındadır

BAYRAQDAR MEDİA – “İran ölkəmizə qarşı bir neçə sahədə fəaliyyət göstərir. Bu ölkə ilk növbədə Azərbaycanın düşməni, işğalçı Ermənistana davamlı hərbi yardımlar edir. İkincisi, zaman-zaman Azərbaycanı təhdid edir və Araz çayı sahilində hərbi təlim keçirməklə guya bizi qorxudur. İran, həmçinin, uzun illər işğal altında olan Azərbaycan ərazisindən narkotranzit üçün istifadə edib. Bu ölkə, həmçinin, Azərbaycana fasiləsiz olaraq narkotik maddə ixrac edir. Yəni İrandan qeyri-qanuni yolla Azərbaycana keçmək istəyənlər saxlanılarkən mütləq onların narkotik maddələr gətirdiyi üzə çıxır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana qarşı düşmən siyasətinin mərkəzində dayanan başlıca məqam isə casus şəbəkəsidir: “Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən etibarən İran ölkəmizdə casus şəbəkəsi qurmaq istiqamətində addımlar atıb. Nə qədər təəssüfedici məqam olsa da fars-molla rejimi bu məsələdə də dindən öz çirkin məqsədlərinə çatmaq üçün istifadə edib. Bunu söz xatirinə demirik. Ortada təkzibolunmaz faktlar var. İran zaman-zaman Azərbaycandan Qum şəhərinə dini təhsil almağa gedən gəncləri, yaxud dini ziyarətlərə gedənləri öz kəşfiyyat toruna salıb və onlardan casus kimi istifadə edib. İran rejimi Azərbaycandan bu ölkəyə müxtəlif məqsədlər üçün gedən savadsız insanları da “şiəlik” adı altında casusluğa cəlb edib, bir casus şəbəkəsi yaradıb. Bir sözlə, fars-molla rejimi din pərdəsi altında Azərbaycana qarşı cinayət əməlləri törədib”.

E.Həsənli bildirib ki, İran davamlı olaraq Azərbaycana qarşı bu çirkin siyasəti aparıb: “Son dövrlər isə bu daha da güclənib. Təsəvvür edin ki, bu gün İranın Azərbaycana qarşı apardığı düşmən siyasətində həmin casus şəbəkə də fars-molla rejiminin yanındadır. Bu şəbəkə şəhid dəfnlərində, hansısa dini mərasimlərdə İranın lehinə şüarlar səsləndirir, yaxud da ora üzərində fars dilində sözlər yazılmış bayraqlar gətirir. Eyni zamanda bu şəbəkə sosial şəbəkələrdə də bir şeytan yuvası qurub. Oradan da öz çirkin məqsədlərini həyata keçirir. Ümumiyyətlə, İran adlı dövlət öz çirkin siyasətini əvvəl din pərdəsi – “şiəlik ideologiyası” adı altında ortaya atır, bunun arxasınca isə qanlı terror aksiyaları həyata keçirir”.

Müsahibimiz deyib ki, bu gün dünyanın müxtəlif nöqtələrindəki müsəlman ölkələrində din adı altında tökülən qanlar, reallaşdırılan terror aksiyalarında İranın rolu, imzası var: “İran eyni addımı Azərbaycana qarşı da atmaq istəyir. Lakin unudur ki, Azərbaycan güclü dövlətdir. Azərbaycanda prezident-xalq birliyi var. Heç bir qüvvə, xüsusilə də özünə İslam ölkəsi deyən, işğalçı Ermənistana dəstək verən İran Azərbaycana təzyiq edə bilməz. Azərbaycanın hüquq-mühafizə orqanları, təhlükəsizlik qüvvələri də ayıq-sayıqdır. Onlar lazım olan addımı atır, ölkəmizə qarşı düşmən mövqedə dayananları, düşmənlərin toruna düşənləri, o cümlədən İranın ölkəmizdəki casuslarını tezliklə ifşa edib zərərsizləşdirir. Hesab edirik ki, bu şəbəkə bütövlükdə ifşa ediləcək və onlar layiq olduqları cəzanı alacaqlar”.

Mission News Theme by Compete Themes.