Press "Enter" to skip to content

“Şükriyyə” tamaşasının məşqlərinə başlanılıb

Aktyorlar iş başında

BAYRAQDAR MEDİA – Mayın 4-də Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. Yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2023-cü ilin repertuar planına uyğun təqdim olunacaq.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “yeni yaradıcılıq işində Əməkdar artist Münəvvər Əliyeva Şükriyyə, Xalq artisti Nurəddin Mehdixanlı Fyodor Alekseyeviç, Xalq artisti Əli Nur Süleyman bəy, Əməkdar artistlər Elşən Rüstəmov Mircəfər Bağırov, Mehriban Xanlarova Zöhrə, Vəfa Rzayeva Mariya, aktyorlar Şəhla Əliqızı Fatma, Afət Məmmədova Tamar, Rada Nəsibova Lola, Ləman İmanova Suğra, Əməkdar artist Şəlalə Şahvələdqızı Qadın müstəntiq, aktrisa Dilarə Nəzərova Olqa, aktyor Rüstəm Rüstəmov nəzarətçi, aktrisalar Aylin Həşimova Lali, Lalə Süleymanova Nino, Nəzrin Abdullayeva Ayçiçək, aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov nəzarətçilər rolunda çıxış edəcəklər”.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. 59 gün sonra – dekabrın 9-da Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Quzey Qazaxıstanın Akmola vilayətinə – 26 nömrəli əmək koloniyasına göndərilib. 3105 gün sonra – 1945-ci ildə azad olunub. 1955-ci ildə ona tam bəraət verilib.

Tamaşanın premyerasının iyun ayında olacağı planlaşdırılır.

Mission News Theme by Compete Themes.