Yaxud, “Ol” qətiyyətindən doğan “Sev” təkcə sevgi romanı deyil, həm də gənclər üçün müasir düşüncəni əks etdirən, cəlbedici bir əsərdir
BAYRAQDAR MEDİA – Bu günə kimi yazılanlardan və bəyan edilənlərdən bəlli olduğu kimi Qurani-Kərimin Yasin surəsinin 82-ci ayəsində deyilir: (innəma əmruhu iza əradə şəyən ən yəqulu ləhu kun fəyəkun) – “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar”.
Dini mənbələrə əsaslanıb, onu da deyə bilərik ki, Quranda Allahın yaradıcı sifətini və yaradılış nizamını bəyan edən ifadələrdən biri məhz “Ol” kəlməsidir. Ayənin orijinal mətnində “kun fə yəkun” kəlməsindən istifadə olunur ki, bu da “Ol! – dedi, o da dərhal olar” kəlməsidir.

Dəyərli oxucumuz elə düşünməsin ki, bu yazımız Qurani-Kərimin ayələrinə, yaxud da sırf dini mövzuya həsr edilib. Əsla, bu yazı bütün dinlərin buyurduğu, həmçinin İslam peyğəmbərinin də vəsiyyəti olan oxumağa, daha da dəqiq desək oxumağı bizə təlqin edənlərdən olan dəyərli dostumuz, Medianın İnkişafı Agentliyinin icraçı direktor müavini, yazıçı, publisist Natiq Məmmədlinin “Sev” adlı kitabının imza günü və təqdimatına həsr edilib.
“Sev”in arxasında dayanın həqiqət
Kitabın təqdimatının informasiya hissəsinə keçməzdən öncə qeyd etmək istərdim ki, Allahın nəyisə yaratmaq istəyi həm də sevgiyə əsaslanıb. Sevgi olmasa nəyisə yaratmaq, yaxud da yaşatmaq olmaz. Yəni, bu kontekstdə deyə bilərik ki, hər bir “Ol”un nüvəsində həm də bir sevgi, bir “Sev” qətiyyəti dayanır. Elə Natiq Məmmədlinin “Sev”inin də məhz bu qətiyyətdən güc aldığını söyləsək, heç də yanılmarıq. Ən azı müəllif özü “Sev”in arxasında dayanın mahiyyəti bu cür ifadə edib: “Kitabın adını “Sev” qoymuşam. Bu, sadəcə sevgi romanı deyil, bir marketinq prinsipidir. “Sev” “İncil”in ilk cümləsidir. Allah kitabı göndərəndə insanlara “sev” deyə müraciət edir. Bu, bir müjdədir”.

Yeri gəlmişkən, N.Məmmədlinin öz kitabı haqqında dekabrın 11-də keçirilən təqdimatdakı fikirlərinə sonda yenidən toxunulacaq. Hələlik isə müəllifin bir müddət əvvəl kitabın XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsindəki təqdimatında dilə gətirdiyi fikirləri xatırladaq: “Müasir ədəbiyyatın hədəf auditoriyası gənclərdir və onlar “biz niyə kitab oxuyuruq?” sualına cavab axtarmalıdırlar. Roman əfsanəvi məhəbbət nəğməkarı Sarı Aşığın kitabıdır. Onun gerçək dastanı əsərin ruhuna hopur. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması təsadüfi görünmür. Əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafiyalara və zamanlara əfsanəvi səyahət başlayır”.
Beləliklə, keçək təqdimat və imza günündə dilə gətirilən fikirələrə. Mətbuatdan da bəlli olduğu kimi, mərasimdə ölkənin aparıcı ictimai-siyasi və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Rəşad Məcid: Natiq Məmmədliyə bu romana görə təşəkkür edirəm
Mərasimdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, Natiq Məmmədli “Sev” romanında iki gəncin sevgisini əsas xətt kimi götürərək onları dünyanın müxtəlif ölkələrinə səyahətə çıxarır: “Bu romanda müəllif qəhrəmanların müxtəlif ölkələrdəki səyahətlərini təsvir edir və həmin məkanlar barədə maraqlı məlumatlar təqdim edir. Bununla yanaşı, Azərbaycan folklorunu, xüsusilə Sarı Aşığın yaradıcılığını romanda ustalıqla təsvir edib. Sarı Aşığın sevgisi, Yaxşıya olan məhəbbəti və hamımızın dilinin əzbəri olan gəraylıları insanın sevgi, hiss və duyğularının ifadəsində mühüm yer tutur”.

R.Məcid müəllifə təşəkkürünü də çatıdırb: “Natiq Məmmədliyə bu romana görə təşəkkür edirəm. Arzulayıram ki, yazsın, yaratsın və həm jurnalistikamızda, həm də ədəbiyyatımızda öz samballı fəaliyyətini davam etdirsin”.
Vüsalə Mahirqızı: “Sev” romanı Natiq Məmmədlinin yaradıcılığında yeni bir mərhələdir
“APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı çıxışında Natiq Məmmədlinin yaradıcılığından geniş bəhs edib: “Natiq Məmmədlinin “Professor və samuraylar”, “Tiflis yolçuları”, “Qəzet köşkünün yerində qalan boşluq”, “Molyerin öldüyü gün”, “Yiyəsiz baş” kimi hekayələri onun ədəbi düşüncəsinin genişliyini və dərinliyini göstərir. “Sev” romanı isə Natiq Məmmədlinin yaradıcılığında yeni bir mərhələdir”.

Əsərin “TEAS Press” Nəşriyyat Evi tərəfindən yüksək keyfiyyətlə çap edildiyini deyən V.Mahirqızı onu da vurğulayıb ki, sözügedən nəşriyyatın məhz bu əsəri seçməsi təsadüfi deyil: “Çünki roman gənclər üçün müasir düşüncəni əks etdirən, cəlbedici bir əsərdir. Natiq Məmmədli tarix və müasirliyi böyük ustalıqla bir araya gətirib, postmodern ədəbiyyatın gözəl bir nümunəsini yaradıb”.
Elçin Mirzəbəyli: Bu gün mənəvi baxımdan sevgiyə hər zamankından daha çox ehtiyacımız var
Milli Məclisin deputatı, şair Elçin Mirzəbəyli çıxışında öncə onu deyib ki, “Sev” romanını böyük həvəslə oxuyacaq: “Romanın adı məni dərhal cəlb etdi. Ümumiyyətlə, bu gün mənəvi olaraq sevgiyə böyük ehtiyacımız var. Natiq Məmmədlinin əvvəlki əsərləri də səmimiyyəti ilə seçilirdi. Əvvəlki hekayə və romanlarına əsasən deyə bilərəm ki, onun yaradıcılığında heç bir süni effekt yoxdur. Sözündə insana, cəmiyyətə, dostluğa yönəlmiş xüsusi bir diqqət var. Məhz onu dəyərli edən də budur”.

E.Mirzəbəyli onu da deyib ki, “bu gün mənəvi baxımdan sevgiyə hər zamankından daha çox ehtiyacımız var”.
Sahil İskəndərli: Bu hissləri yaşamayan insan belə bir əsər yaza bilməz
Məlumata əsasən, mərasimdə, həmçinin professor Qulu Məhərrəmli, jurnalist Fuad Babayev çıxış edib, müəllifə uğurlar arzulayıblar.

Jurnalist Sahil İskəndərlinin “əsərin adının “Sev” olması müəllifin kim olduğunu bir daha göstərir. İnsanın həyata gəlməsinin özündə belə sevgi var. Bu hissləri yaşamayan insan belə bir əsər yaza bilməz.” sözləri də alqışlarla qarşılanıb.
Natiq Məmmədli: Mənim düşüncəmdə ədəbiyyat mütləq gənclərə müraciət etməlidir
Nəhayət, söz müəllifə verilib. Kitabın necə ərsəyə gəlməsindən söz açan Natiq Məmmədli “Bu kitabın arxasında böyük bir psixoloji travma dayanır. Bu travmadan çıxmaq üçün özümə bir yol kimi bu imza gününü seçdim” deyib.
Müəllif kitabı pandemiya dövründə yazdığını qeyd edib: “Kitabı pandemiya dövründə yazmışam. Pandemiyadan əvvəl həyatımda böyük bir boşluq yaranmışdı və mən bu roman üzərində işləməyə başladım. Mənim düşüncəmdə ədəbiyyat mütləq gənclərə müraciət etməlidir. Ona görə də bu romanı məhz gənclər üçün yazmaq istədim. Elə yazmalıydım ki, XXI əsr insanının psixoloji qatları əsərdə görünə bilsin”.

“Vətən müharibəsindən sonra düşünürdüm ki, Azərbaycan ədəbiyyatının əsas mövzusu Qarabağ olmalıdır. Qarabağı sevmək üçün əvvəl insan sevməyi bacarmalıdır. Sevmək lazımdır ki, noyabrın soyuğunda o qayalara dırmaşa biləsən. Bu il iki kitabım çapdan çıxıb. İndi isə düşünürəm ki, hələ nə qədər yazılacaq sözümüz var. İnşallah Qarabağla bağlı romanın təqdimatında görüşərik”deyə müəllif sonda tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib.
Sözardı: Dəyərli dostumuz Natiq Məmmədlinin sevgi ilə yazılan “Sev” romanının imza günü və təqdimatında iştirak etmək istəyirdim. Ancaq görünür qismət deyilmiş. Nə oktyabrda, XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsindəki təqdimatda, nə də bu dəfə (baxmayaraq ki, bu dəfə təqdimata dəyərli qardaşım şəxsən dəvət etmişdi) iştirak edə bildim. Ancaq hesab edirəm ki, bu kitabla bağlı hələ deyilməli çox söz var. Və əminəm ki, N.Məmmədli vaxt tapıb (bir çaynik çayın qurtaracağı müddət qədər-N.A) mənə kitabla bağlı bir qəşəng müsahibə də verəcək.





