TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu həm geniş miqyaslı müzakirələr, həm də türk xalqlarının ortaq ruhunu əks etdirən möhtəşəm mədəni proqramla yadda qaldı
BAYRAQDAR MEDİA – Son illər Türk dünyasının daha dərin inteqrasiyası istiqamətində mühüm addımlar atılır və sevindirici haldır ki, bu prosesdə aparıcı rol məhz Azərbaycana məxsusdur. Bunu bu gün artıq açıq və birmənalı şəkildə qeyd etmək mümkündür. Türk Dövlətləri Təşkilatının Türküstanda keçirilən qeyri-rəsmi

Zirvə görüşündə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın da müasir dövrdə türk birliyinin güclənməsində Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkür etməsi bunun ən bariz nümunələrindən biridir.
TDT çərçivəsində əməkdaşlıq körpüləri hər keçən gün daha da möhkəmlənir
Həqiqətən də, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq körpülərini hər keçən gün daha da möhkəmləndirir. Siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə atılan addımlar türk dünyasının ortaq gələcək vizyonunu daha da gücləndirir. Dövlət səviyyəsində həyata keçirilən bu siyasət eyni zamanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə də mühüm stimul verir.
Platforma çərçivəsində əməkdaşlığın genişlənməsi real nəticələr verməkdədir
Məhz bunun nəticəsidir ki, Azərbaycanın təşəbbüsü və öncüllüyü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının yaradılması və platforma çərçivəsində əməkdaşlığın genişlənməsi artıq real nəticələr verməkdədir.

Mayın 16-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsi də bu uğurlu prosesin davamı kimi qiymətləndirilir. Xatırladaq ki, birinci forum ötən ilin noyabr ayında Azərbaycanda keçirilmiş və türk dünyasının vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformaya çevrilmişdi.
Bakıda keçirilən ikinci forum da birinci tədbirdə olduğu kimi, maraqlı müzakirələr, mühüm çağırışlar və gələcəyə hesablanmış təşəbbüslərlə yadda qaldı. Forum çərçivəsində türk dünyasının ortaq dəyərləri, gənclərin rolu, media əməkdaşlığı, humanitar əlaqələr və regional həmrəylik məsələləri geniş şəkildə müzakirə olundu.
Türk dünyasında birlik vətəndaş cəmiyyəti səviyyəsində də güclənməkdə davam edir
Tədbir bir daha göstərdi ki, türk dünyasında birlik və qarşılıqlı dəstək artıq yalnız siyasi platformalarda deyil, vətəndaş cəmiyyəti səviyyəsində də güclənməkdə davam edir.
Məlumata üçün bildirək ki, QHT-lərinin II Həmrəylik Forumu Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə reallaşdı. “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Forumda 8 ölkədən – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Macarıstandan vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirdi.

Forumun açlışında xatırladıldı ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə 2025-ci ilin 23-26 noyabr tarixlərində Bakı və Naxçıvanda keçirilib. Həmin forum zamanı Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platforması təsis edilib. Bu, forumun mühüm qalıcı irsinə çevrilib. Platformaya rəhbərlik Türk Dövlətləri Təşkilatının hazırki sədri kimi Azərbaycana həvalə edilib. Həmin forumda həmçinin Naxçıvanda “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil edilib.
Bu forumlar türk dünyası QHT-lərinin beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir
O, da qeyd edilidi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Kuzey Kıbrıs QHT-lərinin I Əməkdaşlıq Forumları da gerçəkləşdiriləcək. Ötən dövrdə – 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Bu forumlar türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir.

Beləliklə, ötən dövrü özündə əkst etdirən videotəqdimatdan sonra söz natiqlərə verildi. QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının baş katibi, millət vəkili Azər Allahverənov, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Muhammet Alper Hayali, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının deputatı, “Yüksəliş” Hərəkatının sədri Bobur Bekmurodov , Qazaxıstan Vətəndaş Alyansının rəhbəri Banu Qaniyevna Nurqaziyeva QHT Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Rizvan Nəbiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı çıxış edərək, Forumun əhəmiyyətinə toxundular.
Birliyimizi əks etdirən “Birlik kompozisiyası”
Çıxışlardan sonra türk dünyasının zəngin mədəni irsini əks etdirən xüsusi musiqili proqramla başa çatdı. “Birlik kompozisiyası” adlanan təqdimatda TDT-yə üzv və müşahidəçi ölkələrin milli musiqiləri, rəqsləri və folklor elementləri nümayiş etdirildi.
Proqram çərçivəsində hər bir türk dövlətinin milli ruhunu və mədəni kimliyini ifadə edən rəqs nümunələri təqdim olundu, ortaq türk mədəniyyətinin rəngarəngliyi və mənəvi bağlılığı səhnədə öz əksini tapdı.

Musiqili kompozisiya forum iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılandı. Tədbir zamanı bəzi ölkələrin nümayəndələri səsləndirilən milli musiqilərə qoşularaq rəqs etdilər. Xüsusilə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin nümayəndələrinin öz milli musiqiləri təqdim olunarkən ayağa qalxaraq rəqs etmələri salonda alqışlarla qarşılandı. Bu anlar forumun yalnız siyasi və ictimai deyil, həm də mənəvi və mədəni həmrəylik platforması olduğunu bir daha nümayiş etdirdi.
Gecənin ən yaddaqalan məqamlarından biri isə proqramın sonunda Azərbaycanın qədim milli rəqsi olan yallının ifa edilməsi oldu. Türk dövlətlərinin bayraqları fonunda iştirakçıların əl-ələ verərək yallı rəqs etməsi türk dünyasının birlik və qardaşlığının rəmzinə çevrildi. Forum öz işini panel iclasları ilə davam etdirdi.
Forum çərçivəsində keçirilən forumlar yaddaqqalan məqamlarla zəngin oldu
Forum çərçivəsində həmçinin Azərbaycan–Qırğızıstan, Kuzey Kıbrıs–Azərbaycan və Türkmənistan–Azərbaycan forumları təşkil olundu.
Forum iştirakçıları Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardılar.

Beləliklə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu həm geniş miqyaslı müzakirələr, həm də türk xalqlarının ortaq ruhunu əks etdirən möhtəşəm mədəni proqramla yadda qaldı.
Tədbirdə nümayiş etdirilən bu birlik mənzərəsi türk dünyasının gələcəkdə daha sıx inteqrasiya və həmrəylik istiqamətində irəlilədiyinin növbəti simvolu kimi qiymətləndirildi.










İlk şərhi yaza bilərsiniz