BAYRAQDAR MEDİA – Azərbaycan Milli Xalça Muzeyində rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb.
Sərgi Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Atatürk Mərkəzi, Yunus Emre İnstitutu, Bakı Mədəniyyət Baş İdarəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Bakı İncəsənət Qalereyasının dəstəyi ilə təşkil olunub.
Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un Baş katibinin müavini Seyid Yusif, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Milli Məclisin komitə sədri Fazil Mustafa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Bakıdakı Yunus Emre İnstitutunun direktoru Gökhan Seyhan, Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və KKTC Baş nazirinin müavini Fikri Ataoğlu çıxış ediblər.
Çıxışlarda incəsənətin xalqların ortaq yaddaşı, ölkələr arasında mühüm mənəvi körpü və mədəni dialoqun möhkəmləndirilməsində əsas amil olduğu vurğulanıb. Qeyd edilib ki, Eldəniz Babayevin yaradıcılığı Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafına töhfə verir, ortaq tarixi dəyərlərin qorunmasını və Türk dünyasında əməkdaşlığın gücləndirilməsini təşviq edir.
Rəsmi təqdimatdan sonra qonaqlara rəssamın həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Sərgidə müxtəlif üslub və janrlarda yaradılmış 50-yə yaxın əsər nümayiş olunur.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, həmçinin Türk dünyasının tarixində və Azərbaycanla Türkiyə xalqlarının istiqlal mübarizəsində mühüm rol oynamış hərbi sərkərdələrin və şairlərin portretləri yer alıb.
Qeyd edək ki, sərgi iyunun 2-dək davam edəcək.






İlk şərhi yaza bilərsiniz