Son yeniləmə: 20 May 2026
BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri Türkiyəyə işgüzar səfər edib. Səfərdə məqsəd “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etməkdir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər: “Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Hər iki ölkədə həyata keçirilən birgə layihələrin və təlimlərin əhəmiyyəti vurğulanıb”.
Məlumatda qeyd edilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyətinin Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10300 hərbi qulluqçunun iştirakı ilə keçirilən “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə və gündüz mərhələlərində iştirakı planlaşdırılır.






İlk şərhi yaza bilərsiniz