Press "Enter" to skip to content

Nə yaxınmış uzaqlar

II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu göstərdi ki, Bakı bu gün təkcə türk dünyasının mühüm siyasi mərkəzlərindən biri deyil, həm də müxtəlif coğrafiyalarda yaşayan türkmanların ortaq tarix, mədəniyyət və gələcək ətrafında bir araya gətirən mənəvi körpüyə çevrilib

BAYRAQDAR MEDİA – “Evlərinin önü yonca, yonca qalxmış dam boyunda…”.
Hələ uşaqlıq illərimizdən Azərbaycan Radiosunda, xüsusilə də “Bulaq” Xalq Yaradıcılığı verilişində bu mahnını tez-tez eşidərdik. Nədənsə, həmin mahnı mənə digərlərindən daha doğma gəlirdi. Onun səsində qəribə bir yanğı, izahı çətin olan bir nisgil vardı.

Uşaqlıq xatirəmizdən boylanan bir nəğmənin izi

İllər keçdikcə mahnının sözlərinə daha dərindən diqqət yetirdim. O zaman hiss etdim ki, bu nəğmədə təkcə yanğı deyil, həm də həsrət, qəriblik və böyük bir özləm yaşayır. Bir müddət sonra öyrəndim ki, bu, Kərkük türkmanlarına məxsus xalq mahnısıdır. Daha sonra isə onu da bildim ki, türkmanlar da dünyanın müxtəlif bölgələrində yaşayan, türk toplumlarından biridir.

Açılış zamanı
Açılış zamanı

Araşdırdıqca daha mühüm bir həqiqətlə qarşılaşdım: Kərkük türkmanlarının tarixi, dili və mədəniyyəti Azərbaycan türkləri ilə eyni kökdən qidalanır. Bu bağlılıq təkcə tarix kitablarında deyil, mahnılarında, folklorunda, danışığında və milli yaddaşında da yaşayır.

Tədbir zamanı
Tədbir zamanı

Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan müstəqil, güclü və söz sahibi olan bir dövlətdir. Öz ərazi bütövlüyünü bərpa edib, regionda cərəyan edən siyasi proseslərə ciddi təsir göstərən əsas aktorlardan birinə çevrilib. Türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirilən təşəbbüslərin önündə gedən ölkələrdən biri də məhz Azərbaycandır.

Bakıda artıq ikinci dəfə dünyanın müxtəlif yerlərində yaşayan türkmanları bir araya gətirən beynəlxalq forumun keçirilməsi də bunun bariz nümunəsidir. Forum çərçivəsində keçirilən görüşlər, müzakirələr, səfərlər və verilən mesajlar haqqında kifayət qədər yazılıb. Mən isə bu forumun mahiyyəti ilə bağlı başqa bir məqama diqqət çəkmək istəyirəm.

İstər birinci, istərsə də ikinci forum bir daha göstərdi ki, türklər dünyanın harasında yaşamasından asılı olmayaraq, onların sevinci də birdir, kədəri də birdir, taleyi də birdir, mübarizəsi də birdir. Digər mühüm nəticə isə ondan ibarətdir ki, Azərbaycan dövləti dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türkün taleyinə biganə qalmır. Onların milli kimliyinin, dilinin, mədəniyyətinin və ictimai inkişafının qorunması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib
Forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib

Əgər biz Kərkük türkmanlarını qədim Azərbaycan türklərinin ayrılmaz qollarından biri hesab ediriksə, onların mədəni irsinin və gələcəyinin Azərbaycanın diqqət mərkəzində olması da tamamilə təbiidir. Elə bu baxımdan Bakıda artıq ikinci dəfə belə bir forumun keçirilməsi həm də ortaq tarixə, ortaq kimliyə və ortaq gələcəyə verilən siyasi-mənəvi mesajdır.

Bakıda türkman dünyasının ortaq söz məclisi

İyunun 25-də Bakıda Beynəlxalq Muğam Mərkəzində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirildi.

Tədbir iştirakçıları
Tədbir iştirakçıları

Forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edirdi. Tədbirin əsas məqsədi türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin yaşadılması, vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın və həmrəyliyin daha da gücləndirilməsi idi.

Azərbaycan yenə birləşdirici mərkəz rolunda

Forumun açılışında çıxış edən natiqlər türkman icmaları arasında əlaqələrin möhkəmləndirilməsinin, ortaq tarixi və mədəni irsin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğuladılar. Bildirildi ki, türkmanların yaşadığı bütün coğrafiyalarda milli kimliyin, ana dilinin və adət-ənənələrin qorunması xüsusi əhəmiyyət daşıyır.

Çıxışlarda Azərbaycanın artıq bu istiqamətdə mühüm platformaya çevrildiyi, türkman təşkilatları arasında dialoqun genişlənməsinə, əməkdaşlığın sistemli xarakter almasına və ortaq layihələrin həyata keçirilməsinə ciddi töhfə verdiyi xüsusi vurğulandı.

Mədəniyyətin qurduğu körpülər

Forumun ən yaddaqalan məqamlarından biri “Kərkük oğuz gözəli” adlı yeni musiqi əsərinin ilk dəfə ictimaiyyətə təqdim olunması oldu.

“Kərkük oğuz gözəli”nin təqdimatı
“Kərkük oğuz gözəli”nin təqdimatı

Akademik Rafael Hüseynovun sözlərinə yazılan, Xalq artisti Siyavuş Kəriminin bəstələdiyi əsəri Əməkdar artist Ramil Qasımov ifa etdi. Estrada-simfonik orkestr və xorun müşayiəti ilə səslənən kompozisiya Kərkükün qədim oğuz ruhunu və Azərbaycanla mənəvi bağlarını musiqinin dili ilə ifadə etdi.

Ardınca keçirilən “Nə yaxınmış uzaqlar” adlı panel müzakirəsində türkman irsi üzrə tanınmış alimlər və ictimai xadimlər elmi əməkdaşlığın, ortaq araşdırmaların, folklor və arxiv materiallarının toplanmasının vacibliyini vurğuladılar.

Forumdan gələcəyə uzanan mesajlar

Beləliklə, dünyanın müxtəlif bölgələrində, xüsusilə də Suriya, İraq və Livanda yaşayan türkmanlarla bağlı daha bir mühüm tədbir tarixə çevrildi. Bu forumun növbəti dəfə məhz Azərbaycanın paytaxtı Bakıda keçirilməsi təsadüfi deyildi. Bu, həm Azərbaycanın türk dünyasında artan nüfuzunun, həm də türkman irsinə göstərdiyi həssas münasibətin növbəti təzahürü idi.

Panel iclası
Panel iclası

Forum boyu səslənən fikirlər arasında ən diqqətçəkən məqamlardan biri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salihinin təklifi oldu. O, Türk Dövlətləri Təşkilatı nəzdində dövləti olmayan türk xalqları üçün ayrıca platformanın yaradılmasını, ilk növbədə isə türkmanların burada müşahidəçi statusunda təmsil olunmasını təklif etdi.

Suriya türkmanlarının nümayəndələri isə Azərbaycanın Suriyaya göstərdiyi dəstəyi yüksək qiymətləndirərək gələcək layihə və proqramlarda Suriya türkmənlərinin daha fəal şəkildə nəzərə alınmasının vacibliyini bildirdilər.

Ən möhkəm körpünü mədəniyyət qurur

Forum bir daha sübut etdi ki, xalqları bir-birinə yaxınlaşdıran təkcə siyasət deyil. Musiqi, şeir, söz, ədəbiyyat və ümumilikdə mədəniyyət bəzən siyasi sənədlərdən daha möhkəm körpülər qurmağa qadirdir. Coğrafi baxımdan bir-birindən uzaqda yaşayan, lakin eyni kökdən gələn insanların ürəklərini məhz bu ortaq mənəvi dəyərlər birləşdirir. Elə “Kərkük oğuz gözəli” əsəri də bunun ən təsirli nümunələrindən birinə çevrildi.

Azərbaycanın başladığı yol davam etməlidir

Forumda səslənən daha bir arzu isə bu təşəbbüsün gələcəkdə digər ölkələrdə də davam etdirilməsi idi. İştirakçılar belə görüşlərin növbəti illərdə İraqda, Suriyada, Livanda, hətta Avropada yaşayan türkman icmalarının iştirakı ilə keçirilməsini arzuladıqlarını bildirdilər.

İnanırıq ki, bu təşəbbüs Azərbaycanın öncüllüyü və bayraqdarlığı ilə daha da genişlənəcək, türkman dünyasının həmrəyliyinə yeni nəfəs verəcək.

Bədii hissə
Bədii hissə

Sonda isə bu mühüm forumun keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının QHT Agentliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və tədbirin təşkilatçısı olan “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin bu fəaliyyətinin təqdirəlayiq və yaddaqalan olduğunu vurğulamaq bir daha yerinə düşər. Çünki kökü bir, dili bir, tarixi bir olan insanların bir araya gəlməsinə xidmət edən belə forumlar təkcə bugünün deyil, həm də gələcəyin türk dünyasını formalaşdıran ən mühüm mənəvi və siyasi platformalarından biridir.

Bir məqam isə danılmazdır: bu gün Bakı təkcə Azərbaycan paytaxtı deyil, həm də türkman dünyasının özünü evində hiss etdiyi mənəvi mərkəzlərdən birinə çevrilməkdədir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.