Türkiyə və İraq mediası Azərbaycanın türkman irsinə verdiyi töhfələri işıqlandırıb
BAYRAQDAR MEDİA – Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin Türkiyənin “Barinajans.com” və İraqın “Kərkük” qəzetinin “Kerkukgazetesi.com” saytlarında “Türkman irsi Azərbaycanın diqqət mərkəzində: Naxçıvandan Bakıya uzanan həmrəylik forumu” adlı məqaləsi dərc olunub.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Məlumata görə, məqalədə “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə Naxçıvanda başlayan və Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunun əhəmiyyəti, tədbir çərçivəsində baş tutan elmi müzakirələr, beynəlxalq görüşlər və türkman irsinin qorunmasına yönəlmiş təşəbbüslər ətraflı təhlil olunur.
Yazıda vurğulanır ki, İraq, Suriya, Livan və Türkiyədən gələn türkman vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri yalnız mədəni proqram deyil, eyni zamanda türk dünyasında vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platformaya çevrilib.
Məqalədə Naxçıvanda keçirilən “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirələrin nəticələri, Türk Dövlətləri Təşkilatının QHT Platforması ilə keçirilən görüş, eləcə də Bakıda təşkil olunan forum çərçivəsində səsləndirilən fikirlər və qəbul edilən təşəbbüslər geniş işıqlandırılıb.
Müəllif qeyd edir ki, forum türkman irsinin araşdırılması, milli kimliyin qorunması, ortaq tarixi yaddaşın yaşadılması və gələcək beynəlxalq layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açıb. Məqalədə həmçinin forumun hər il keçirilməsi barədə qərarın əməkdaşlığın davamlı inkişafına mühüm töhfə verəcəyi vurğulanır.
Fuad Hüseynzadənin fikrincə, Azərbaycanın türkman irsinin qorunmasına verdiyi dəstək türk dünyasının ortaq mənəvi dəyərlərinin təbliği və beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Türkman irsi Azərbaycanın diqqət mərkəzində: Naxçıvandan Bakıya uzanan həmrəylik forumu” adlı məqalədə forumun əsas nəticələri, iştirakçıların çıxışları və türkman irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən təşəbbüslər geniş şəkildə təhlil edilib.






İlk şərhi yaza bilərsiniz