BAYRAQDAR MEDİA – “Universitetimiz başda Türkiyə olmaqla Türk dünyasının müxtəlif ali təhsil müəssisələri ilə geniş akademik əməkdaşlıq həyata keçirir. Xüsusilə Azərbaycan, Qazaxıstan və Qırğızıstan istiqamətində xüsusi səylər göstəririk. Son illərdə həmin ölkələrin universitetləri ilə yüksək səviyyəli əməkdaşlıq qurmuş, müxtəlif qurum və təşkilatlarla birlikdə mühüm layihələr həyata keçirmişik. Bu əməkdaşlığın əsas istiqamətlərini tələbə və müəllim mübadilə proqramları, birgə elmi konfranslar, tədqiqat layihələri və akademik nəşrlər təşkil edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Quzey Makedoniyada fəaliyyət gösətərən Uluslararası Vizyon Üniversitetinin rektoru Prof.Dr. A. Vecdi CAN deyib. Müsahibə yaxın günlərdə oxuculara təqdim ediləcək.
Rektor bildirib ki, məqsəd Türk dünyasının universitetləri arasında daha güclü və dayanıqlı akademik şəbəkə formalaşdırmaqdır: “Məsələn, ötən il Qazaxıstanda dünya reytinqlərində yer alan ən nüfuzlu universitetlərlə akademik əməkdaşlıq protokolları imzalanmışdır. Bu il isə eyni cür əməkdaşlıq müqavilələri Qırğızıstan universitetləri ilə bağlanmışdır. Azərbaycan universitetləri ilə əməkdaşlığımızın tarixi isə daha qədimdir. Lakin ən qədim və ən geniş akademik əməkdaşlıq şəbəkəmiz Türkiyənin universitetləri ilə qurulmuşdur. Əsasən dövlət universitetlərini əhatə edən bu əməkdaşlıqların sayı təxminən 150-dir”.
Bildirilib ki, akademik mübadilə sahəsində Erasmus proqramı çərçivəsində qısamüddətli mobilliklə gələnlərdən başqa, hazırda Türkiyə Ali Təhsil Şurası (YÖK) vasitəsilə Sakarya Universitetindən uzunmüddətli ezam olunmuş üç müəllim universitetdə fəaliyyət göstərir: “Bununla yanaşı, Egey Universitetindən və Manisa Cəlal Bayar Universitetindən bir müəllim olmaqla daha iki akademik də universitetimizdə çalışır. Bundan əlavə, Qazaxıstanın Satbayev Universitetindən və Kosovonun AAB Kolegji Universitetindən də bir nəfər müəllim universitetimizdə fəaliyyət göstərmişdir. Bunlardan başqa, Şimali Makedoniya vətəndaşı olmayan təxminən on nəfər müəllimimiz də var. Onlar cari tədris ilində dərslər keçmiş, dissertasiya müdafiələrində iştirak etmiş, universitetimizi müxtəlif elmi tədbirlərdə təmsil etmiş, məruzələr təqdim etmiş və elmi nəşrlər dərc etdirmişlər”.






İlk şərhi yaza bilərsiniz