Press "Enter" to skip to content

“Natiqlik mədəniyyətinin regionlarda təbliği” mövzusunda tədbir keçirilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Avqustun 21-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Bakı Natiqlik Məktəbi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Natiqlik mədəniyyətinin regionlarda təbliği” adlı tədbir keçirilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Elçin Mirzəbəyli çıxış edərkən
Elçin Mirzəbəyli çıxış edərkən

Bildirilib ki, tədbirdə ictimaiyyət nümayəndələri, media təmsilçiləri, ekspertlər və natiqlik sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Tədbirin moderatoru, millət vəkili Elçin Mirzəbəyli natiqlik mədəniyyətinin cəmiyyət həyatında, xüsusilə gənc nəslin düzgün nitq bacarıqlarının formalaşmasında mühüm əhəmiyyət daşıdığını bildirib. O, ədəbi dil normalarının qorunmasının, nitqdə düzgün söz seçimindən və ifadə tərzindən istifadənin vacibliyinə diqqət çəkib.

Umud Mirzəyev çıxış edərkən
Umud Mirzəyev çıxış edərkən

Sonra çıxış edən BAMF-ın prezidenti Umud Mirzəyev layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan dili zəngin və mükəmməl imkanlara malikdir və bu zənginliyin qorunması hər bir vətəndaşın məsuliyyətidir. O qeyd edib ki, gündəlik danışıqda alınma sözlərdən və yad ifadələrdən həddindən artıq istifadə edilməsi ana dilinin imkanlarından tam şəkildə yararlanmağa mane olur.

Umud Mirzəyev natiqlik və düzgün danışıq mədəniyyətinin yalnız paytaxtda deyil, regionlarda da geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə iş məktəb yaşlarından başlanmalı, uşaqlara Azərbaycan dilinin zənginliyi və ifadə imkanları aşılanmalıdır. Umud Mirzəyev layihənin regionlarda davam etdirilməsinin və məktəblər arasında genişləndirilməsinin faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Ardınca, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraət ustası və aktrisa Zülfiyyə Eldarqızı çıxış edib. O bildirib ki, gözəl danışmaq yalnız istedadla məhdudlaşmır, bunun üçün insan daim öz üzərində işləməlidir:“Düzgün nitqin formalaşmasında zəngin söz ehtiyatı ilə yanaşı, nəfəs, səs, artikulyasiya və danışıq aparatının düzgün işləməsi də böyük rol oynayır. İnsanın danışığı onun haqqında ilkin təsəvvür yaradan əsas amillərdən biridir. Buna görə də hər bir sözün düzgün tələffüz olunması, fikrin aydın və təsirli şəkildə ifadə edilməsi vacibdir. Xüsusilə televiziya, kino və digər audiovizual sahələrdə düzgün artikulyasiya məsələsinə diqqət çəkərək bəzi hallarda aktyorların danışığının tamaşaçı üçün anlaşıqlı olmadığını bildirib. Artikulyasiya və nitq texnikası üzərində aparılan məşqlər danışığın təbiiliyinə mane olmur, əksinə, fikrin daha aydın çatdırılmasına imkan yaradır”.

Tədbir zamanı
Tədbir zamanı

Tədbirdə çıxış edən teleaparıcı Günay Yelmarqızı isə natiqlik mədəniyyətinin milli mədəniyyətin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. O qeyd edib ki, natiqlik mədəniyyətinin əsas istinad nöqtəsi ədəbi dil olmalıdır: “Müasir dövrdə onu ən çox narahat edən problemlərdən birinin gənclər arasında düzgün tələffüzlə bağlı çatışmazlıqlardır. Bu problem ilk növbədə ailədən başlayır, daha sonra məktəb mühitində davam edir”.
Teleaparıcı bu istiqamətdə müəllimlər üçün də xüsusi tədbirlərin və təlimlərin keçirilməsinin faydalı olacağını vurğulayıb. O, Azərbaycan dilində unudulmaqda olan zəngin sözlərin yenidən ictimai dövriyyəyə qaytarılması təklifini də səsləndirib. Habelə dilimizdə mövcud olan, lakin gündəlik danışıqda az istifadə edilən gözəl sözlərdən ibarət yeni bir lüğətin hazırlanması faydalı ola bilər”.

Tədbirdə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Xəyalə Mütəllimova da çıxış edib. O, natiqliyin yalnız gözəl danışmaq bacarığı deyil, həm də insanları inandırmaq vasitəsi olduğuna diqqət çəkib və bu kontekstdə natiqliklə manipulyasiya arasındakı sərhəd məsələsini gündəmə gətirib.

“Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin sədri Nüşabə Fətullayeva isə layihənin məqsədləri, regionlarda həyata keçiriləcək fəaliyyətlər və natiqlik mədəniyyətinin daha geniş auditoriyaya çatdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Müzakirələr zamanı bildirilib ki, yüksək natiqlik qabiliyyəti bəzən manipulyativ məqsədlər üçün də istifadə edilə bilər. Bu baxımdan dinləyicinin səsləndirilən fikirləri təhlil etmək, manipulyasiya ilə həqiqəti bir-birindən ayırmaq bacarığının inkişaf etdirilməsi də mühüm amillərdən biri kimi qiymətləndirilib.

Tədbir iştirakçıların fikir və təkliflərinin dinlənilməsi və bu istiqamətdə gələcək fəaliyyət imkanlarının müzakirəsi ilə davam edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.