BAYRAQDAR MEDİA – ADA Universitetinin İxtisasartırma Proqramı və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi birlikdə “Qabaqcıl xarici siyasət proqramı” çərçivəsində növbəti sessiya təşkil ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “sessiyada QMKİDK-nin sədrinin müavini Fuad Hüseynov Azərbaycanda fəaliyyət göstərən 17 ölkənin diplomatik nümayəndəliklərinin 19 təmsilçisi üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib. F.Hüseynov çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalması, uzun illər ərzində onların yarımçıq tikililərdə, zirzəmilərdə, yataqxanalarda və digər ağır sosial-məişət şəraitində məskunlaşması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Dövlət Komitəsi sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və rifahının yüksəldilməsi istiqamətində ardıcıl və davamlı tədbirlər görülür. Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır, qaçqın və məcburi köçkünlərin rifahının yüksəldilməsinə ardıcıl humanitar dəstək göstərir”.
Daha sonra xəbərdə, “mühazirə zamanı qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafının təmin edilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunması Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız ölkə daxilində sosial və iqtisadi sabitliyin möhkəmləndirilməsinə deyil, bütövlükdə regionun təhlükəsizliyinə və sabitliyinə də mühüm töhfə verir. “Böyük Qayıdış” prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində öz əksini tapıb. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən mühüm infrastruktur layihələri həyata keçirilir. Bununla yanaşı, keçmiş məcburi köçkünlərin köç prosesinin təşkili, maarifləndirilməsi və reinteqrasiyasının təmin edilməsi məqsədilə təbliğat və maarifləndirmə tədbirləri həyata keçirilir, xüsusi qaynar xətt xidməti yaradılıb. Sözügedən tədbirlər “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla çirkləndirməsi Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu problemin beynəlxalq müstəvidə həllinə çalışır və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın mina xəritələrini təqdim etməsi ilə bağlı təcili tədbirlərin görülməsini tələb edir. Bu baxımdan beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqlərinin artırılması zəruri hesab olunur” deyə bildirilir.
Xəbərdə eləcə də deyilir ki, “təqdimat zamanı vurğulanıb ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində deyil, həmçinin postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya sahəsində də dünya miqyasında nümunəvi model formalaşdırmaqdadır. Daha sonra tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən hazırlanmış “Bura mənim evimdir” filmi, eləcə də “Böyük Qayıdış” prosesini əks etdirən videoçarxlar nümayiş etdirilib. Tədbirin sonunda Dövlət Komitəsi sədrinin müavini F.Hüseynov iştirakçıların qayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını cavablandırıb”.






İlk şərhi yaza bilərsiniz