Press "Enter" to skip to content

Vəhşi heyvanların yaşaması üçün onların qidasının olması vacibdir

Təbiət

Son yeniləmə: 4 Mart 2022

Bayraqdar.info – “50-60 il bundan əvvəl biz dağlara gedəndə xeyli sayda dağ keçiləri vardı. Tur adlanana həmin dağ keçilərinə ind çox az rast gəlinir. Ovçular onları çox ovlayıb deyə, indi az sayda Dağıstan turu qalıb. Mən bir ekoloq olaraq, insanlarımızı təbiətin bizə verdiyi gözəlliklərdən faydalanmaqla yanaşı, onu sevməyə və onu qorumağa çağırıram”.

Bu sözləri ADPU-nun professoru, Biologiya elmləri doktoru, ekoloq Rauf Sultanov Bayraqdar.info-nun Azərbaycanda vəhşi heyvanların və təbiətin qorunması ilə bağlı sorğusuna cavabında deyib:

Təbiət

“Dünyada 2 milyona yaxın canlı heyvan növü var ki, bu da balıqlar, quşlar və məməlilərə ayrılır. Onların qorunması problemli məsələlərdən biridir. Sənayenin inkişaf etməsi, yolların çəkilməsi, torpağın erroziyaya uğraması bunların hamısı vəhşi heyvanların yaşayış tərzinə təsir edən amillərdir. Azərbaycanda bu istiqamətdə çox önəmli işlər görülür. Sovet dönəmində müəyyən bölgələrdə qoruqlar, yasaqlıqlar, milli parklar yaradılıb. Müstəqillik illərindən sonra həmin park və qoruqların ərazisi daha da böyüyüb. Yeni qoruq və yasaqlıqlar yaradılıb. Bu qoruqların yaradılmasından əsas məqsəd həmin ərazilərdə olan vəhşi ilanların, bəbir, vaşaq və digər canlıların qorunmasıdır. Yəni, orada heç bir istehsalat prosesi gedə bilməz. Canlı aləm dedikdə bura enkoloji obyektlər də daxildir. Məsələn, arılar da vəhşi təbiətə aiddir. Yer üzündə əhliləşmiş və əhliləşməmiş arılar var. Əhliləşməmiş arılar vəhşi arılara aiddir. Vəhşi heyvanların artıb çoxalması üçün onların qidası olmalıdır”.

Təbiət

Ekoloq R.Sultanov qeyd edir ki, bu gün dünya miqyasında canlı aləmin qorunması əsas məsələlərdən biridir. Bununla əlaqədar olaraq ətraf mühitin mühafizəsi, ekologiya istiqamətində müəyyən biliklər tədqiq olunur. Vəhşi heyvanların qorunması üçün dövlət səviyyəsində müəyyən işlər görülür.

Onun sözlərinə görə, dünyada hər il yüzlərcə, minlərcə növ məhv olur. Azərbaycanda “Qırmızı kitab” var ki, ora məhv olmaqda olan növlərin adı salınıb. Ov mövsümündə digər heyvanların da ovlanması üçün limit müəyyən var. Maralların ovlanması ilə əlaqədar da müəyyən limit var. Bundan başqa, qoruqlarda ceyranların artırılması ilə bağlı xeyli işlər görülüb. Şirvan Dövlət Qoruğunda ceyranların sayının artırılması ilə məşğul olurlar.

Bəbir

Məlum olduğu kimi, 3 mart Ümumdünya Vəhşi Təbiət Günüdür. Martın 3-də Azərbaycanın milli parklarında “Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar “Açıq qapı” günü keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, “Açıq qapı” gününün keçirilməsindən əsas məqsəd ictimaiyyəti vəhşi təbiətin mühafizəsinə cəlb etmək, fauna və flora növlərinin müxtəliflliyi barədə məlumatlandırmaqdır.

“Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı Siyahısına əsasən 8 min 400-dən çox vəhşi fauna və flora növü kritik təhlükə altındadır, daha 30 minə yaxın növ isə nəsli kəsilməkdə və ya həssas növlər kimi təsnifatlandırılır. Bu hesablamalara əsasən, 1 milyondan çox növün nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi irəli sürülür.

“Növlərin, yaşayış yerlərinin və ekosistemlərin davamlı itkisi biz də daxil olmaqla, Yer kürəsindəki bütün həyatı təhdid edir. Hər yerdə insanlar qidadan tutmuş yanacağa, dərmana, mənzilə, geyimə qədər bütün ehtiyaclarnıı ödəmək üçün vəhşi təbiət və biomüxtəliflik resurslarından istifadə edirlər.

“Buna görə də bu il Ümumdünya Vəhşi Təbiət Günündə ən kritik təhlükə altında olan növlərin taleyini dəyişdirmək, onların yaşayış yerlərinin və ekosistemlərinin bərpasını dəstəkləmək və bəşəriyyət tərəfindən davamlı istifadəni təşviq etmək məqsədilə geniş müstəvidə müzakirələr aparılacaq.

Dağkeçisi

“Azərbaycanda vəhşi təbiətin, fauna və flora növlərinin mühafizəsi istiqamətində görülən mühüm işlərdən biri xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır. Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,31 faizini təşkil edir.

“Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il “Ekosistemlərin bərpası üçün əsas növlərin bərpası” başlığı altında keçirilir. Bu əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəsi Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət etməyə dəvət edirik.”, – deyə Nazirlikdən bayraqdar.info-ya bildirilib.

Mission News Theme by Compete Themes.