Yücel Karauz: Yunanıstan 9 sentyabr 1922-ci il tarixini unutmamalıdır
Bayraqdar.info – “Təəssüflər olsun ki, Yunanıstan onun üçün acı keçmişi unudub. Əgər belə olmasaydı bu ölkənin rəhbərliyi yenidən Türkiyəyə qarşı hədyanlar yağdırmazdı. Amma mən məsləhət görərdim ki, Yunanıstan tərəfi Türkiyəyə qarşı bu cür məsuliyyətsiz fikir və bəyanatlar səsləndirərkən yüz ölçüb, bir biçsin. Əks təqdirdə 100 il öncə yaşadıqlarını bir daha yaşaya bilərlər”.
Bunu Yunanıstan tərəfinin Türkiyəyə qarşı məsuliyyətsiz davranışlarına münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Baş verənlərlə bağlı bayraqdar.info-ya özəl dəyərləndirmə edən Y.Karauzun sözlərinə görə Yunanıstan 9 sentyabr 1922-ci il tarixini unutmamalıdır: “Son zamanlar Yunanıstan-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda bəzi məqamlara nəzər yetirmək vacibdir. Yunanıstan 400 ilə yaxın müddətdə Osmanlı hakimiyyəti altında qalmış, 1862-ci ildə müstəqilliyini elan etmişdir. Birinci Dünya müharibəsi zamanı Qərbin imperialist dövlətlərinin maşası rolunda çıxış edən Yunanıstan 1919-cu il mayın 15-də Anadolunu işğala başlamış 1922-ci il sentyabrın 9-da isə işğalçı yunanlar İzmirdən qovularaq, dənizə tökülmuşlər”.
Y.Karauz bildirib ki, Türkiyə Yunanıstanla olan əlaqələrini “yurdda sülh, cahanda sülh” prinsipini əsas götürməklə davam etdirir: “Lakin təəssüf ki, bunu qarşı tərəf haqqında söyləyə bilmərik. Yunanıstan zaman-zaman hansısa problemləri daha da qabardaraq Türkiyəyə qarşı xoş olmayan münasibət sərgiləyir. Bu kontekstdə Yunanıstanın Kıbrıs adasında törətdikləri, Kıbrıs türk xalqına qarşı soyqırımı cinayətlərini xatırlatmaq yerinə düşər. 1974-cü il Kıbrıs Barış Hərəkatı ilə Kıbrısın türk kəsimində yunan işğalına son qoyuldu”.
Müsahibimiz deyib ki, Türkiyə ilə Yunanıstan arasında digər sahələrdə də problemlər var: “Batı Trakya türklərinə qarşı olmazın təzyiqlərin edilməsi ilə yanaşı son zamanlar xüsusilə də Doğu Akdenizdeki enerji qaynaqları ilə bağlı məsələlər, həmçinin 1948-ci ildə İtaliya tərəfindən Yunanıstana təhvil verilən və beynəlxalq razılaşmalara əsasən silahlandırlmaması vacib olan 12 adanın daxil olduğu ərazidə Yunanıstanın sürətli silahlandırma siyasəti, ifrat sol təşkilatlara, həmçinin erməni terror təşkilatlarına, ASALA-ya, ən son isə FETÖ terror təşkilatına dəstək verməsi rəsmi Afinanın var gücü ilə Türkiyə əleyhinə addım atdığının sübutudur. Yunanıstanın Baş naziri bir müddət öncə ABŞ Senatında senatorlara şikayət edərək, Türkiyənin guya Yunanıstanı hədələdiyini iddia edib. Üç gün öncə isə o, təxribatçı bir şəkildə Bodruma yaxın məsafədə yerləşən və silahsız zona olması vacib sayılan Yunan adalarına səfər edib. Eyni zamanda Yunanıstan dünyada son üç ildə büdcəsindən silahlanmaya ən çox pul ayıran ölkədir. Təbii ki, bu silahlanma Türkiyəyə qarşıdır. Yəni Yunanıstan Türkiyəyə qarşı təcavüzkar davranışlarını davam etdirir”.
Türkiyəli general bu addımın Yunanıstana xoş gələcək vəd etmədiyini vurğulayıb: “Başqa imperialist güclərə güvənərək bu addımı atan Yunanıstan odla oynayır. Bu ölkənin Türkiyə ilə, silahlı qüvvələrinin isə Türkiyə Silahlı Qüvvələri ilə üz-üzə gəlməsi onlara acınacaqlı məğlubiyyət vəd edir. Yunanıstan 1922-ci il 9 sentyabr faciəsini yenidən yaşamaq istəmirsə, başqalarının maşası olmaq siyasətindən əl çəkməlidir. Əgər Yunanıstanın bu cür təxribatçı və məsuliyyətsiz addımları davam edəcəksə, o zaman Türkiyə buna lazımi cavab verəcək”.
Y.Karauz bu kontekstdə bir məqama da toxunub: “Kimsəyə sirr deyil ki, Yunanıstanın daxili və xarici borcları milyardlarla dollar həcmindədir. Bu ölkəninn hakimiyyəti Avropa Birliyindən aldığı borc və qrantlarla ölkəni idarə edir. Belə olan halda ortaya bəzi haqlı suallar çıxır. Əvvəla, iki-üç il öncə rəsmən iflas etmiş bir ölkənin silahlanmaya bu qədər pul ayırması qeyri-normal deyilmi? İkincisi, əgər mövcud hakimiyyətin maliyyə imkanları varsa o zaman bu maliyyə niyə yunan xalqının rifah halının yaxşılaşmasına yönəldilmir? Hesab edirəm ki, yunan xalqı bu gün bu sualı Yunanıstanı idarə edənlərə ünvanlamaldır”.
“Sonda bir vacib məqamı da vurğulamağı özümə borc bilirəm. Türkiyə bu haqlı mübarizədə yalqız deyil. Qardaş Azərbaycan yanımızdadır. Xatirinizdədirsə cənab Prezident, Al Baş Komandan İlham Əliyev Yunanıstan səfirini qəbul edərkən Türkiyə-Yunanıstan əlaqələrinə də toxunmuş və birmənalı olaraq Türkiyəni dəstəklədiklərini ifadə etmişdi. Çünki Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. İstər milli, istərsə də beynəlxalq məsələlərdə Türkiyə və Azərbaycan birdir, bərabərdir”, – deyə Y.Karauz sonda əlavə edib.









