Press "Enter" to skip to content

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

Elman Cəfərli

Son yeniləmə: 2 Fevral 2023 14:15

Elman Cəfərli: İrançılar əvvəllər gəncləri məscidlərdə, “hüseyniyyə”lərdə, mərsiyə məclislərində tora salırdılarsa, indi sosial şəbəkələr var

BAYRAQDAR MEDİA – “İranın Azərbaycanda təxribat və casus şəbəkəsi ötən əsrin 90-cı illərində qurulub. Həmin vaxt Azərbaycan müstəqillik qazanmışdı, yavaş-yavaş təhlükəsizlik sistemi qurulurdu. Üstəlik işğalçı Ermənistan torpaqlarımızın bir hissəsini işğal etmiş, 1 milyon soydaşımız qaçqın-köçkün düşmüşdü. İran yardım adı ilə qaçqın çadır şəhərciklərinə soxulur, məscidlərdə özünə yuva qururdu”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycanda Xomeyni İmdad Komitəsi, İran Mədəniyyət Mərkəzi fəaliyyət göstərirdi: “Onların əsl məqsədi, iddia etdikləri kimi, Azərbaycanın “şiə-müsəlman xalqına” yardım etmək deyildi, öz maraqlarını güdürdülər. Azərbaycanda xomeyniçi cameə formalaşdırırdılar. Onların toruna aztəminatlı ailələrdən çıxmış, işsiz-gücsüz gənclər düşürdü. İranın casus-təxribat şəbəkəsinin toruna əsasən şəhərlərdə yaşayan təhsilsiz xırda tacirlər, sürücülər, bərbərlər, dərzilər, qəssablar düşürdü”.

E.Cəfərli deyib ki, İranın hakim xomeyniçilik ideologiyasını yayanlar isə yas mərasimlərində məclis aparan Qumda təhsil almış mollalar, meyxanaçılar, mərsiyəxanlar idi: “Əslində, indi də belədir. Sadəcə 44 günlük savaşdan sonra yeni bir Azərbaycan xalqı doğulub. Dövlətimizin təhlükəsizlik sistemi güclənib. İranın Ermənistanı dəstəklədiyi aşkar üzə çıxıb. Bundan sonra İranın casus və təxribat çəbəkəsinin əl-qolu bağlanacaq. Amma görüləsi işlər çoxdur. İrançılar əvvəllər gəncləri məscidlərdə, “hüseyniyyə”lərdə, mərsiyə məclislərində tora salırdılarsa, indi sosial şəbəkələr var. Sosial şəbəkələrə nəzarət gücləndirilməlidir. İran ideologiyasını yayan internet resursları bloklanmalı, sosial şəbəkə hesabları məhdudlaşdırılmalıdır. İran ideologiyasını təbliğ edən, “Xamneyiyə təqlid edirəm” deyən adamlar məscidlərdən uzaqlaşdırılmalıdır. Bəzi gənclərin beynini zəhərləyən onlardır. Xomeyniçiliyi, terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir”.

Mission News Theme by Compete Themes.