Press "Enter" to skip to content

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Mayın 5-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 5-də Səhiyyə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “konfransın işində tanınmış yerli mütəxəssislərlə yanaşı, Ukrayna, Rusiya, Türkiyə, Özbəkistan, Çexiya, Avstriya və İtaliyadan alim və mütəxəssislər əyani və onlayn rejimində iştirak ediblər. İlk olaraq tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Azərbaycanın dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Nazir müavini bildirib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün də sürətli inkişaf dövrünü yaşayır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycanın bölgənin aparıcı dövlətinə çevrildiyi deyib”.

Daha sonra xəbərdə qeyd olunur ki, “ADHTİ-nin rektoru professor Nazim Qasımov çıxış edərək Ulu Öndərin tibb kadrlarının hazırlanmasında, diplomdansonrakı tibb təhsilinin inkişaf etdirilməsində, bilavasitə Həkimləri Təkmilləşdirmə İnstitunun inkişafındakı əvəzolunmaz rolunu vurğulayıb”.

Konfransda Yasamal rayon icra başçısı Elşad Həsənov, millət vəkili İlham Məmmədov Ulu Öndərin müasir Azərbaycanın inkişaf və tərəqqəsində əvəzolunmaz rolundan, eləcə də ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatların aparılmasında, səhiyyənin qanunvericilik bazasının təkmilləşdirilməsində böyük əməyi olduğundan söz açıblar.

Konfransın işində iştirak edən türkiyəli alimlər – Ümumdünya Otorinolarinqologiya Cəmiyyətinin vitse-prezidenti, Hacettepe Universitetinin professoru Metin Önerci və Türkiyə Cümhuriyyəti Sağlıq Bilimləri Universitetinin professoru Necati Alkış iki qardaş ölkə arasında qırılmaz əlaqələrin olduğundan danışıblar.

Bundan əlavə Amerika Ailə Həkimləri Assosiyasiyasının üzvü, Prof. Stiv Stoun Haus H.Əliyevin xalqlar arasında dostluq əlaqələrinin yaranmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə ulu öndər H.Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Beynəlxalq elmi-praktik konfrans işini panel iclaslarla davam etdirib. Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş alimlərin elmi-tədqiqat işlərinin nəticələrinə, eyni zamanda tibb elminin aktual məsələlərinə həsr olunmuş məruzələri dinlənilib və mövzular ətrafında diskussiyalar aparılıb.

Mission News Theme by Compete Themes.