Press "Enter" to skip to content

İyulun 7-də Avro-2020-nin ikinci finalçısı müəyyənləşəcək

Bayraqdar.info – İyulun 7-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq İngiltərə – Danimarka görüşü nəticəsində futbol üzrə 16-cı Avropa çempionatının ikinci finalçısı müəyyənləşəcək.

Bayraqdar.info AFFA-ya istinadla bildirir ki, Londondakı “Uembli” stadionunda keçiriləcək ikinci yarımfinal görüşünü Niderlanddan olan hakim Danni Makkelli idarə edəcək.

Xəbərdə bildirilir ki, bu komandalar indiyədək rəsmi turnirlərdə 23 dəfə qarşılaşıblar. Həmin görüşlərin 13-də İngiltərə, 5-də Danimarka qalib gəlib, 5 oyun heç-heçə başa çatıb. Top fərqində İngiltərə millisinin böyük üstünlüyü var – 39:23.

Avro-2020-də qapısını toxunulmaz saxlamağı bacaran yeganə komanda olan İngiltərə seçməsi D qrupunda Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib, Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdə bir finalda Almaniyanı (2:0), dörddə bir finalda isə Ukraynanı (4:0) mübarizədən kənarlaşdırıb.

Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdə bir finala yüksəlib.

Danimarkalılar səkkizdə bir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddə bir finala vəsiqə qazanıblar. Komanda Bakı Olimpiya Stadionunda oynadığı dörddə bir final görüşündə Çexiyaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Xəbərdə deyilir ki, yarımfinal mərhələsinin birinci oyununda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə İtaliya millisi 11 metrlik cərimə zərbələri seriyasında 4:2 hesabı ilə qalib gəlib.

Avro-2020-nin final oyunu iyulun 11-də “Uembli” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mission News Theme by Compete Themes.