Bayraqdar.info – Xəbər verdiyimiz kimi Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində qonaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya müəssisəsində və Şağan Reabilitasiya Pansionatında olublar.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən bildirilib. Qonaqların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu il isə daha 3 müəssisənin – Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub.
Dövlət başçısının iştirakı ilə bu il fevralın 25-də açılışı olmuş Şağan Reabilitasiya Pansionatında müasir tələblərə uyğun şərait yaradılıb. 250 çarpayılıq Pansionat 128 palatadan ibarətdir. Pansionat ildə 5 minə yaxın əlilliyi olan şəxsə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə reabilitasiya xidmətləri göstərməyə imkan verir.
1 saylı Uşaq Reabilitasiya müəssisəsi də ən müasir tələblərə uyğun qurulub. Burada sağlamlıq imkanları məhdud uşaqların diaqnostikası, onların reabilitasiya potensialının müəyyənləşdirilməsi, sosial, tədris-peşə reabilitasiyası istiqamətində işlər aparılır.
Nümayəndə heyəti hər iki müəssisədə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətləri, tətbiq olunan müalicə prosedurları ilə tanış olub.