Press "Enter" to skip to content

Sumqayıtda Polad Həşimovun xatirəsinə intellektual yarış

Bayraqdar.info – Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə H.Əliyev Mərkəzində şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş intellektual yarış keçirilib.

Xəbər bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışın məqsədi şəhid general-mayor Polad Həşimovun şərəfli döyüş yolunun, Azərbaycan tarixinin, ordu quruculuğunun və mədəniyyətinin təbliği olub. Həmçinin, yarışın digər məqsədi gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, intellektual səviyyəsini, dünya görüşünü və zehni inkişafını stimullaşdırmaqdır.

Yarışda Sumqayıt və Bakı Regional Asan Xidmət Mərkəzlərini, habelə, Sumqayıt şəhərinin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatlarından ibarət hər birində 3 oyunçu olmaqla 10 komanda iştirak edib. Ümumilikdə isə, 30 nəfər iştirakçı öz bilik və bacarıqlarını sınayıblar. Gərgin və maraqlı şəraitdə keçən yarışın sonunda I yerə 1 saylı Asan Xidmət Mərkəzinin “Şuşa”, II yerə Sumqayıt Gənclər Klubunun eyni adlı, III yerə isə Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin “Polad” komandası layiq görülüb.

Qaliblərə Baş İdarənin və Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim edilib.

Qeyd edilib ki, 06-23 iyul tarixlərində keçiriləcək silsilə xarakterli tədbirlərin növbəti mərhələlərində şahmat, futbol, basketbol və voleybol idman növləri üzrə yarışların da təşkili nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.