Bayraqdar.info – “Azərbaycan xalqı ötən il qazanılan tarixi Zəfərimizin bir ilini qeyd etdi. Zəfər Günümüzün birinci ildönümü münasibətilə həm ölkə ərazisində, həm də xaricdə çoxsaylı tədbirlər keçirildi. Bu da təbiidir. Çünki ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Bəlli olduğu kimi, 44 günlük müharibədə Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin və bir sıra strateji yüksəkliklərin azad olunmasından sonra isə işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq, onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı”.
Bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Bayraqdar.info-ya özəl açıqlamasında ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanatı dəyərləndirən millət vəkili qeyd edib ki, bu, işğalçı ölkənin öz məğlubiyyətini rəsmən qəbul etməsi idi: “Bəlli olduğu kimi həmin Bəyanatı imzalamaqla məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən Ermənistan sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Bu olduqca mühüm əhəmiyyət kəsb edirdi. Çünki bu rayonların döyüşsüz təhvil verilməsi insan itkisinin qarşısını aldı”.
Deputat qeyd edib ki, Azərbaycan bu tarixi qələbəyə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, genişmiqyaslı quruculuq işləri, iqtisadi nailiyyətlər, mükəmməl ordu quruculuğu, bütün sahələri əhatə edən islahatlar və uğurlu diplomatiya sahəsində nail oldu: “Dövlət başçısı dəfələrlə beynəlxalq platformalardan və tribunalardan dünyanın aparacı təşkilatları olan BMT-nin, ATƏT-in münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin sadəcə kağız üzərində qaldığını, icra olunmadığını və həmçinin sülh yolu ilə işğalda olan torpaqlarımızın azad olunması üçün heç bir konkret addımlar atılmadığını bəyan etmişdi. Yəni, müharibəyə qədər artıq beynəlxalq birlik münaqişənin əsl mahiyyəti, həmçinin Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı şəkildə bilgiləndirilmişdi. Eyni zamanda, sülh yolu ilə mümkün olmasa müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcəyini bəyan edən Azərbaycan yüksək səviyyəli ordu quruculuğunu uğurla həyata keçirmişdi. Bütün bunların fonunda Ermənistanın təxribatlara əl atması ölkəmizin səbr kasasını daşırdı. Beləliklə, yuxarıda da vurğuladığım kimi 44 günlük Vətən müharibəsi düşmənin darmadağın olması ilə nəticələndi. 10 noyabr Bəyanatı ilə düşmənin kapitulyasiyası rəsmiləşdi. Bu, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın döyüş meydanında olduğu kimi, siyasi və diplomatik sahələrdə də əldə etdiyi uğurların nəticəsi idi”.
“Cənab Prezidentin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağını yüksəyə qaldırması xalqımızın, Azərbaycanın qürurunu özünə qaytardı. Bu gün qürur hissi ilə söyləmək mümkündür ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib” , – deyə, millət vəkili vurğulayıb.
Müsahibimiz qeyd edib ki, torpaqlarımızın hər bir qarışını yağı düşməndən azad edən əsgərlərimiz yeni bir tarix yazmağı bacardılar: “Vətən müharibəsində bir daha əmin olduq ki, Prezident-Ordu-Xalq birliyi sarsılmazdır. Bu birlik şəhid övladına ağlamayaraq, “Vətən sağ olsun” deyən anaların, nəşini çiynində daşıyan şəhidin həyat yoldaşlarının, “fəxr edirəm ki, atam Vətən yolunda şəhid olub” deyən övladların varlığındadır. Bu birlikdən güc alan Azərbaycan hazırda Ermənistanın 10 noyabr Bəyanatına əsasən üzərinə götürdüyü digər öhdəlikləri də yerinə yetirməsini tələb edir. Təbii ki, bu sırada Zəngəzur dəhlizinin açılması da var. Zəngəzur dəhlizinin açılmasında ölkəmizin mövqeyi birmənalıdır. Prezident İlham Əliyev Azərbaycanın prinsipial yanaşmasını dəfələrlə diqqətə çatdıraraq bildirib ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq”.









