“Dildə, fikirdə, işdə birlik – Türk dünyasının gələcəyi” mövzusunda panel iclas keçirildi
BAYRAQDAR MEDİA – Ötən həftə türk dünyasının qəlbi yenidən Bakıda döyündü. Azərbaycan paytaxtı bu dəfə də 3 May-Türkçülük Günü münasibətilə, Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı İletişim Başqanlığının təşkilatçılığı ilə keçirilən “Dildə, fikirdə, işdə birlik – Türk dünyasının gələcəyi” mövzusunda panel iclasına ev sahibliyi etdi.

Məlumat üçün deyək ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak edirdilər. Paneldən öncə isə QHT və media təmsilçiləri üçün iki dəyirmi masa təşkil edildi ki, bu barədə yaxın günlərdə xüsusi bir yazı təqdim edəcəyik.
Türk dünyasının ortaq dəyərləri və gələcək inkişaf istiqamətləri müzakirə edildi
Hələlik isə onu qeyd edək ki, türk dünyasının ortaq dəyərləri və gələcək inkişaf istiqamətləri üzrə müzakirə aparmaq məqsədilə təşkil edilən panel iclası Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başladı.
Sonra Türk dünyasının ortaq dəyərlərinin əks olunduğu videoçarx nümayiş etdirildi.
Bundan sonra isə panelöncəsi məlumatlandırma və rəsmi çıxışlar oldu.
Alptekin Cihangir İşbilir: Məqsəd türk dünyasının daha da irəli aparılmasına dəstək göstərməkdir
İştirakçılar qarşısında məlumatlandırma çıxışı edən Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir paneldən əvvəl Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə iki dəyirmi masa keçirildiyini diqqətə çatdırdı.

O, qeyd etdi ki, bu dəyirmi masalarda olduqca maraqlə təklif və fikirlər səsləndirildi: “Biz onları ümumilişdirib həm Azərbaycanın, həm də Türkiyənin müvafiq qurumlarına təqdim edəcəyik. Məqsəd türk dünyasının daha da irəli aparılmasına dəstək göstərməkdir”.
Aygün Əliyeva: Bu, gələcək nəsillərə ötürməli olduğumuz müqəddəs bir mirasdır
Sonra rəsmi çıxışlar oldu. Çıxış edən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva dedi ki, türk dünyasını təkcə ortaq tarix deyil, həm də ümumi mənəvi dəyərlər birləşdirir: “Bizim üçün hər bir türk yurdu eyni taleyi bölüşdüyümüz bir ana nəfəsi qədər doğmadır”.

A.Əliyeva dedi ki, zaman-zaman türk xalqlarını bir-birindən ayrı salınmağa çalışsalar da, onlar tarixin bütün sınaqlarından üzüağ çıxmağı bacarıblar. Çünki biz həm qılıncı, həm qələmi, həm də könlü ilə tarix yazan millətik. Nə xoş ki, bu gün türk dünyası artıq bir xəyal deyil, reallıqdır, tarixi missiyadır. Bu, gələcək nəsillərə ötürməli olduğumuz müqəddəs bir mirasdır. Biz hər birimiz bu mirası qoruyaraq mədəniyyətimizi, dilimizi, adət-ənənəmizi, birliyimizi və gücümüzü yaşatmalıyıq”.
Prof. Dr. Birol Akgün: TDT-ni XXI əsrin yüksələn əməkdaşlıq modeli olaraq görürük
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə çıxışında Türk Dövlətləri Təşkilatına (TDT) vurğu etdi. Səfir dedi ki, TDT sadəcə, regional platforma deyil, eyni zamanda, həmrəyliyin təzahürü, beynəlxalq aləmdə əməkdaşlığı və birliyi təşviq edən platformadır: “TDT-ni XXI əsrin yüksələn əməkdaşlıq modeli olaraq görürük”.

Prof. Dr. Birol Akgün dedi ki, hazırda TDT çərçivəsində siyasi həmrəylik, enerji təhlükəsizliyi, elm və mədəni diplomatiya sahəsində ortaq əməkdaşlıq üzərində çalışılır: “Biz sülhün, qarşılıqlı etimadın bərqərar olduğu bölgə qurmağı hədəfləyirik. Elm və texnologiyadan tutmuş enerji əməkdaşlığına qədər birgə strategiyalar, proqramlar və layihələr hazırlamaq labüddür və biz bunu dəstəkləyirik. Mədəni diplomatiya sahəsində fəaliyyətlərin dərinləşdirilməsi təkcə Türk dünyasında deyil, beynəlxalq ictimaiyyətdə də müsbət türk obrazının formalaşmasına səbəb olacaq”.
Fahrettin Altun: Bu, keçmişdən bu günə türk dünyasının şüarı olub
İclasa videoformatda qoşulan Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı İletişim başqanı Fahrettin Altun isə türk dünyasının ortaq gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilən paneli son dərəcə mənalı hesab etdiyini və xeyirli olacağına ümidvarlığını ifadə etdi.
F.Altun çıxışında dedi ki, Türk Dövlətləri Təşkilatı türk dünyasını siyasi, iqtisadi, mədəni və sosial sahələrdə bir araya gətirərək bölgəmizin ən güclü əməkdaşlıq strukturlarından birinə çevrilib: “Türkiyə bu strukturu daha da gücləndirmək və ortaq dəyərlər əsasında irəliləyişini davam etdirmək üçün ilk gündən böyük səylər göstərir”.

Çıxışında mərhum İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” şüarını xatırladan F.Altun dedi ki, bu, keçmişdən bu günə türk dünyasının şüarı olub.
İletişim başqanı onu da vurğuladı ki, türk dünyası ölkələri olaraq ortaq tarix və mədəniyyətimizdən aldığımız güclə bu gün əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldırmaq məsuliyyətini daşıyırıq: “Bu məsuliyyəti dərk edərək ümid edirəm ki, panelimiz intellektual biliklərimizi zənginləşdirməklə yanaşı, konkret addımlarla irəliləməyimizi təmin edən ilham mənbəyi olacaq”.
Türk dünyasının KKTC-yə verdiyi dəstək müzakirə edildi
Rəsmi çıxışlardan sonra panel çərçivəsində Ankara Hacı Bayram Veli Universiteti Türk Dili və Ədəbiyyatı Bölməsinin Akademik Üzvü Prof. Dr. Hülya Kasapoğlu Çengelin moderatorluğu ilə xüsusi sessiya keçirildi.
Sessiyada türk dünyasının gələcəyi və Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) dəstəyin vacibliyi müzakirə edildi.
İsmayıl Qaspıralının irəli sürdüyü “dildə, fikirdə və işdə birlik” şüarının boş şüar olmadığını bildirən Prof. Dr. Kasapoğlu, “Bu şüar məzmunla doludur. Bu, böyük bir düsturdur. Bu düsturu həll etmək lazımdır” dedi.

Çıxışçılar Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı, Beynəlxalq Türk Akademiyasının başqanı Ashat Kessikbayev, Qırgızıstan parlamenit-Cogorku Keneşin millət vəkili Dastanbek Cumabekov, Özbəkistanın İnkişaf Strategiya Mərkəzinin Xarici Siyasət və Təhlükəsizlik sahəsində islahatların monitorinqi və təhlili şöbəsinin müdiri Farruh Hakimov, KKTC Cumhurbaşkanı özel danışmanı Gökhan Güler ve Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstan Təmsilciliyi İcra Direktoru Balazs fikirlərini bölüşdülər. Natiqlər türk dünyası ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə edib, əlaqələrin dərinləşdirilməsi naminə təkliflər irəli sürdülər.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı is türk dünyasının birliyini istəməyən bəzi qüvvələrin bu mövzuda çalışdığını və TDT-nin bütün təzyiqlərə baxmayaraq mühüm bir quruma çevrildiyini bildirdi. Çıxışında KKTC-nin də bu təşkilatın müşahidəçi üzvü olduğunu xatırladan A.Aşırlı, “KKTC-nin TDT-nin tamhüquqlu üzvü olacağına inanırıq. TDT-dən çox gözləntimiz var” deyə sonda qeyd etdi.
Tədbirin sonunda bədii hissə nümayiş etdirildi.









