Press "Enter" to skip to content

Füzulidən Daşkəndə, Daşkənddən bütün Türküstana – 1

Son yeniləmə: 13 Dekabr 2024

Özbəkistanda keçirilən Əməkdaşlıq Forumu Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının türk dünyasının vahid QHT platformasının yaranması istiqamətində əzmkarlığını bir daha nümayiş etdirdi

Nadir İSMAYILOV – Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri

BAYRAQDAR MEDİA – Ötən həftə türk dünyasının inteqrasiyasına dəstək olacaq, türk dövlətləri rəhbərlərinin həyata keçirdiyi siyasətin xalqlara daha da yaxından çatdırılmasında əhəmiyyətli rol oynayacaq bir proses baş verdi. Özbəkistanda, paytaxt Daşkənddə Özbəkistan-Azərbaycan Qeyri-Hökümət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi. Qeyd edək ki, bu, iki qardaş ölkənin vətəndaş cəmiyyəti institutları arasında keçirilən sayca ikinci forum idi.

Qardaşlıq bağlarını gücləndirən daha bir addım

Bundan təxminən 1 il öncə 2023-cü ilin noyabrında ilk forum Azərbaycanda, işğaldan azad edilmiş Füzuldə keçirilmişdi. Elə həmin vaxt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcrası direktoru Aygün Əliyeva, həmçinin Özbəkistandan gəlmiş qonaqlar bu forumun davam edəcəyini, növbəti tədbirin Özbəkistanda olacağını bildirmişdilər. Beləliklə, bir il sonra cavab səfəri ilə qardaş Özbəkistanda idik. Azərbaycandan gedən QHT təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin tərkibində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri olaraq mən də vardım.

Ulu Öndərin abidəsi önünə tər güllər düzülərək əziz xatirəsi ehtiramla yad edildi
Ulu Öndərin abidəsi önünə tər güllər düzülərək əziz xatirəsi ehtiramla yad edildi

Bu səfərin tarixi əhəmiyyəti, səfər çərçivəsində Səmərqənd və Daşkənddə QHT təmsilçiləri ilə keçirilən görüşlər, ikinci Əməkdaşlıq Forumunda səslənən fikirlər və ən nəhayət, qardaş ölkənin tarixi yerləri ilə bağlı təəssüratlarımızı sonra qeyd edəcəyik. Hələlik isə iki önəmli məqamın üzərində dayanmaq istərdim.

Arzularım çin oldu, yaxud dahi Əmir Teymurun hüzurunda olmaq xoşbəxtliyi

Bunlardan birincisi şəxsimlə əlaqədar idi. Düzü, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Özbəkistana gedəcək nümayəndə heyətinin tərkibinə salındığım barədə xəbər veriləndə həm sevindim, həm də duyğulandım.

Səmərqənd xatirəsi
Səmərqənd xatirəsi

Çünki bu tarixi prosesdə birbaşa iştirak imkanı qazanacaqdım. Digər tərəfdən isə səfər proqramında Səmərqənddə görüşlərin keçirilməsi də vardı və dərhal düşündüm ki, bu, mənim uzun illər arzusunda olduğumu dahi şəxsiyyət, Turan sərkərdəsi Əmir Teymurun məqbərəsini ziyarət etmək arzumu da çin edə bilər. Xoşbəxtlikdən sonradan səfər proqramına Səmərqəndin tarixi yerləri ilə tanışlıq, o cümlədən Əmir Teymurun məqbərəsini ziyarət etməyin də daxil edildiyini bildim.

Dahi Əmir Teymurun hüzurunda
Dahi Əmir Teymurun hüzurunda

Hələ orta məktəb illərində oxuduğum bəzi tarixi romanlar zamanı məndə Əmir Teymura qarşı bir sevgi yaranmışdı. Eyni zamanda, hər dəfə Azərbaycanda kimlərinsə Səmərqəndə getdiyi xəbərini eşidəndə beynimdən “görəsən mənə də bu dahi şəxsiyyətin məqbərəsini ziyarət etmək nəsib olacaqmı” sualı keçirdi. Tanrıya şükürlər olsun ki, bu arzum artıq çin oldu və buna görə səfərin təşkilatçılarına, xüsusilə də Azərbaycan dövlətinə təşəkkür edirəm.

Özbəkistanda Azərbaycanla münasibətlərə, QHT sektorundakı əməkdaşlığa xüsusi önəm verilir

İkinci məqam isə qardaş ölkədə Azərbaycana, bizim QHT sektoru ilə əməkdaşlığa necə böyük önəm verilməsi ilə bağlıdır. Məlumat üçün bildirək ki, sözügedən Forum Özbəkistanda ilk dəfə keçirilən və dövlətin xüsusi önəm verdiyi bir həftəlik çərçivəsində reallaşdı.

Kamoliddin İşanxojayev çıxış edərkən
Kamoliddin İşanxojayev çıxış edərkən

Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin bəyan etdiyi kimi ilk dəfə dekabrın birinci həftəsi Özbəkistanda “Vətəndaş cəmiyyəti həftəsi” kimi qeyd olunur: “Məlumat üçün bildirim ki, Özbəkistan Respublikası Prezidentinin 26 avqust 2024-cü il tarixli “Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən ölkəmizdə ilk dəfə “Vətəndaş cəmiyyəti həftəsi” keçirilir. Belə bir həftədə bu forumun keçirilməsi isə Özbəkistanda Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürüdür”.

Forumdan xatirə fotosu
Forumdan xatirə fotosu

Azərbaycana, bizim vətəndaş cəmiyyəti institutlarına Özbəksitanda verilən yüksək dəyərin daha bir, mən deyərdim ki, xüsusi önəm kəsb edən məqami da var. Bu, Azərbaycanın öncüllük etdiyi qardaş türk dövlətlərinin QHT sektoru arasında əməkdaşlığın inkişafı və dərinləşməsi prosesinə rəsmi Daşkənd tərəfindən yüksək dəyər verilməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi “Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə” döş nişanı ilə təltif edilib. Xüsusi olaraq vurğulanmalıdır ki, Aygün Əliyeva bu döş nişanı ilə təltif edilən ilk xarici ölkə vətəndaşıdır. Artıq müvafiq mükafat Aygün Əliyevaya təqdim olunub. Mərasimin Daşkənd şəhərində, qardaş ölkədə keçirilən Vətəndaş Cəmiyyəti həftəsi çərçivəsində reallaşması da Aygün Əliyevann timsalında bizə, Azərbaycanın QHT camiəsinə verilən yüksək dəyərin və önəmin növbəti bariz nümunəsi idi.

Aygün Əliyevaya yüksək mükafat təqdim edilərkən
Aygün Əliyevaya yüksək mükafat təqdim edilərkən

Çəkinmədən deyə bilərik ki, bu dəyəri qazanmağı haqq etmişik. Çünki türk dünyasında inteqrasiyanın daha da dərinləşməsində qeyri-hökumət təşkilatlarının üzərinə də mühüm missiyanın düşdüyü həqiqərini qəbul edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin timsalında ölkəmizin QHT sektoru bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Azərbaycanın QHT sektoru türk dünyasında istər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlıqların qurulması prosesinə öncüllük edir. Bu sırada ilkin addım Azərbaycanın və qardaş Türkiyənin QHT-ləri arasında genişspektrli əlaqələrin qurulması ilə qoyulub. Bu gün isə “Özbəkistanla yola davam” deyirik.

Beləliklə, bütün bunların fonunda dekabrın 5-də Orta Asiyada ilk dəfə məhz Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirildi.

Qeyd etdiyimiz kimi bu, sayca ikinci forumdur və artıq prosesin dönməz hal aldığını nümayiş etdirir. Azərbaycan nümayəndə heyəti forumdan öncə Özbəkistanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə birgə Daşkənddə Ümummilli Lider Heydər Əliyev Meydanını ziyarət etdi. Ziyarət zamanı Ulu Öndərin abidəsi önünə tər güllər düzülərək əziz xatirəsi ehtiramla yad edildi.

Əslində, bu ziyarət həm Ulu Öndərin əziz xatirəsinə ehtiramın ifadəsi, həm də bir hesabat idi. O baxımdan hesabat ki, Azərbaycan QHT sektoru bir zamanla(ndər Heydər Əliyevin öncüllüyündə başlanan türk dünyasının inteqrasiya siyasətinin günümüzdə daha da inkişaf etdirilməsi üçün, həmçinin cənab Prezident İlham Əliyevin “bizim ailəmiz türk dünyasıdır” fikirlərindən yola çıxaraq əzmkarlıq göstəridyini nümyaiş etdirir.

Köhnə və yeni dostlar

Beləliklə, ziyarətdən sonra üz tutduğumuz “Renessans” Kino Evində bizləri Özbəkistandan olan dostlarımız gözləyirdi. Axı hər bir tədbir həm də dostların yenidən bir araya gəlməsinə vəsilə olur.

Forumdan xatirə fotosu - Soldan ikinci Almazar rayon Xalq Deputatları Sovetinin deputatı Şahnoza Umarxocayevadır
Forumdan xatirə fotosu – Soldan ikinci Almazar rayon Xalq Deputatları Sovetinin deputatı Şahnoza Umarxocayevadır

Bu dəfə də belə oldu. Özbəkistanın “Qadınlar və Qızlar” İctimai Birliyinin sədri Nasiba Miradilova, Özbəkistanın “Əlillər Cəmiyyəti”nin sədri Kamil Abdullayev, “Yüksəliş” Milli Hərəkatının sədri, Özbəkistan parlamentinin üzvü Bobur Bekmurodovla yenidən görüşmək, həmçinin “Ona” Fondunin İcraçı direktorunun müavini Ümidə Mamanova, Almazar rayon Xalq Deputatları Sovetinin deputatı Şahnoza Umarxocayeva, Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının Daşkənd şəhəri regional bölməsinin rəhbəri Dilmurod İzzatov və digər dəyərli insanlaırn timsalında yeni dostlar qazandıq.

Azərbaycan və Özbəkistan QHT təmsilçiləri bir arada
Azərbaycan və Özbəkistan QHT təmsilçiləri bir arada

Davamı olacaq…

Mission News Theme by Compete Themes.